3 iyun 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Bu Nuhun gəmisi, yoxsa sadəcə böyük bir kurqandır?

31-05-2025
IMG

ABŞ-dan olan müstəqil tədqiqatçılar qrupu Türkiyədəki dağların birində gəmiyə bənzəyən qəribə dağ silsiləsini araşdırıb. Sözügedən tədqiqatçılar qrupu bu təbəqənin altında Nuhun gəmisinin qalıqlarını tapacaqlarına tam əmindirlər. Layihə maraqlı olsa da, bu iddialar olduqca şübhəlidir.

Durupınar bölgəsi Türkiyənin şərqində Tendürek dağının cənub yamaclarında yerləşən geoloji bir quruluşdur. Təxminən 164 metr (360 fut) uzunluğunda qeyri-adi forması ilə bəziləri onun içində Nuhun gəmisinin daşlaşmış qalıqlarını ehtiva etdiyinə inanır. Bu gəmi Bibliyadakı Daşqın əfsanəsində bəhs edilən və yer üzündəki bütün heyvan növlərini qlobal fəlakətdən qoruduğu deyilən nəhəng qayıqdır.

Bu formalaşma ilk dəfə 1948-ci ildə təsvir edilmişdir, lakin 1970-ci illərin sonu və 1980-ci illərə qədər nisbətən naməlum qalmışdır. O zaman özünü həvəskar arxeoloq adlandıran Ron Vyatt bölgə ilə maraqlanaraq Nuhun gəmisinin sahilə çıxdığı yer olduğunu iddia etmişdi. 

Ancaq arxeoloqlar və akademiklər bu iddiaları ciddi qəbul etmirlər. 1996-cı ildə İsrail Qədim Əşyalar İdarəsindən Co Zias Vyattın bu düşüncəsinə münasibət bildirərək onun iddialarını tamamilə qeyri-elmi hesab etmiş və bildirmişdir ki, insanların buna inanması həqiqətən təəccüblüdür.

Vyatt və bəzi türk tədqiqatçılarının da olduğu özəl qruplar Durupınar bölgəsində 1980-ci illərdən, o cümlədən 2010, 2014 və 2019-cu illərdə geofiziki tədqiqatlar aparıblar. Lakin bu araşdırmaların heç birinin nəticələri ictimaiyyətə açıqlanmayıb. Ərazi ilə maraqlanan qruplardan biri Kaliforniyada yerləşən “Nuh’s Ark Scan” tədqiqat qrupudur.  Onların prioritetləri bölgəni qorumaq və türk alimlərinin daha çox dağıdıcı olmayan tədqiqatlar aparmasına şərait yaratmaqdır.

Qrup son açıqlamasında deyib: "Biz "gəmi zonası"nda hələ qazıntı işlərinə başlamamışıq, çünki ilk növbədə daha çox geofiziki kəşfiyyat, qazma və diqqətli planlaşdırma lazımdır. Bura aktiv sürüşmə sahəsidir və qışlar çox sərtdir. Ona görə də ərazini qorumaq bizim əsas prioritetimizdir".

Paylaş: