4 iyun 2025, çərşənbə Bakı, 21°C
IMG-LOGO

22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” sərgisi işə başlayıb

02-06-2025

Azərbaycanda region üçün mühüm əhəmiyyəti olan 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "Translogistica Caspian" Sərgisi öz işinə başlayıb.

Fhnews.az xəbər verir ki, sərgi Bakı Ekspo Mərkəzində keçirilir.

Qlobal ticarət marşrutlarında sürətli dəyişikliklər və artan nəqliyyat çağırışları şəraitində Azərbaycan, Avrasiya regionunun əsas nəqliyyat mərkəzi olaraq öz mövqeyini möhkəmləndirir. 2025-ci ilin yanvar ayında nəqliyyat məsələlərinə həsr olunmuş iclasda, Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat infrastrukturunun inkişafı və tranzit marşrutlarının optimallaşdırılması məsələlərini vurğulayıb. Bu kontekstdə tranzit və logistika sahəsində təşkil olunan beynəlxalq sənaye sərgilərinin rolu daha da artır.

"TransLogistica Caspian" sərgisi nəqliyyat sahəsində müasir həllərin müzakirəsi və təqdimatı üçün önəmli bir platforma təqdim edir. Bu tədbir, logistika və nəqliyyat sahəsinin ən mühüm sərgilərindən biri kimi tanınır və Avrasiya məkanının bu sənaye sahəsi üzrə peşəkarlarını bir araya gətirir.

Sərgiyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstək göstərilir, iştirakçılar və təşkilatçılara salamlama məktubları göndərilir.

"TransLogistica Caspian" sərgisinin qızıl sponsoru "Railgo" şirkətidir. Şirkət ardıcıl ikinci ildir ki, "TransLogistica Caspian" sərgisinin qızıl sponsorudur və sərgidə kreativ stendi ilə ziyarətçilərin diqqətini cəlb edir. Şirkət Rusiya Federasiyası, MDB, Baltikyanı ölkələr və yaxın xaric ərazisində dəmir yolu nəqliyyatı vasitəsilə xam neftin, maye qazların, neft məhsullarının və neft-kimya məhsullarının daşınması üzrə nəqliyyat-ekspeditor xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşıb.

Üç günlük sərgidə Azərbaycanla yanaşı Belarus, Çin, Gürcüstan, Hindistan, İsveçrə, Rusiya və Türkiyədən olan şirkətlər iştirak edir. Yükdaşıma və logistika xidmətləri sektoru "Abşeron Logistika Mərkəzi", "İkra Logistika", "CJ ICM Logistics", "Sara Logistics", Hindistanın beynəlxalq yük daşıyıcı və logistika şirkəti olan "Palsun Maritime India Limited", "Bir kəmər, bir yol" təşəbbüsünün iştirakçısı olan Çinin "Qingdao Fengtie International Logistics Co., Ltd" və digər şirkətlər tərəfindən təmsil olunur. Sərgidə ilk dəfə olaraq dünya miqyasında nəqliyyat və logistika sahəsində lider olan "Mediterranean Shipping Company" (MSC) şirkəti iştirak edir.

Sərgi Azərbaycanın və region ölkələrinin dövlət nəqliyyat strukturlarını təmsil edən rəhbər şəxslər və mütəxəssislərlə bir araya gəlmək, nəqliyyat texnologiyalarının ən son nailiyyətlərini nümayiş etdirmək, potensial müştərilərə çıxış əldə etmək, eyni zamanda, perspektiv infrastruktur layihələri ilə tanış olmaq üçün unikal platformadır. "TransLogistica Caspian" sərgisi çərçivəsində dövlət və özəl sektorlar arasında qurulan əməkdaşlıq nəqliyyat və logistika sahəsində innovativ yanaşmaların tətbiqinə, infrastrukturun təkmilləşdirilməsinə və ümumilikdə sektorun davamlı inkişafına zəmin yaradır. Bu qarşılıqlı fəaliyyət iqtisadi yüksəlişə töhfə verir və regional inteqrasiyanı sürətləndirir.

Diqqət çəkən məqamlardan biri də tədbirdə kommersiya şirkətləri ilə yanaşı dövlət strukturlarının iştirak etməsidir. Bu il Dövlət Gömrük Komitəsi, Azərbaycan Dəmir Yolları, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) kimi qurumlar sərgilərdə öz stendləri ilə iştirak edirlər. Bununla yanaşı, Belarus Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyi və Belarus Dəmir Yolları da sərgidə stendlə iştirak edirlər.

"TransLogistica Caspian" sərgisi nəqliyyat sektorunun bir çox sahələrini birləşdirən səmərəli imkanlar məkanıdır. Ənənəvi olaraq bu ilki tədbirdə də dəmiryol infrastukturu, dənizçilik sənayesi, kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi nəqliyyat sektorlarının əsas istiqamətləri müzakirə olunur. Bununla yanaşı, sərgi bir sıra yeni istiqamətləri əhatə edir.

Qlobal logistik marşrutların transformasiyası və artan rəqabət şəraitində, "TransLogistica Caspian" sərgisində iştirak, sektorda lider olmaq istəyən şirkətlər üçün vacib bir addım halına gəlir. Bu sərgi beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya üçün yeni imkanlar açır, əməkdaşlıq üçün platforma təqdim edir və Orta Dəhliz, TRACECA və "Bir kəmər, bir yol" təşəbbüsləri çərçivəsində biznesin inkişafına unikal şərait yaradır.

Sərgi çərçivəsində faydalı işgüzar proqram təşkil edilir, yerli və xarici şirkətlərin iştirakı ilə B2B və B2G formatlı görüşlər, müxtəlif tematik tədbirlər və müzakirələr baş tutur. Tədbir zamanı "Azərbaycanda elektrik avtomobilləri üçün infrastrukturun inkişafı", "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması", "Xəzər regionunda multimodal daşımalar: Səmərəli nəqliyyat logistikası təmin edilməsində perspektivlər və çağırışlar" və s. mövzularda panel diskussiyaları keçiriləcək. Diskussiyalarda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının nümayəndələri, həmçinin avtombil bloqerləri iştirak edəcək. "Dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması" adlı panel müzakirəsində TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Asset Assavbayev salamlama nitqi ilə çıxış edəcək, qurumun digər nümayəndəsi isə moderator olacaqdır. Müzakirələrə "Azərbaycan Dəmir Yolları" QSC, "Gürcüstan Dəmir Yolu" SC, "Türkiyə Dövlət Dəmir Yolları" SC, "Moldova Dəmir Yolları" DM və “KTZ-Yük Daşımaları” MMC-nin nümayəndələri iştirak edəcək.

Paylaş: