5 iyun 2025, cümə axşamı Bakı, 22°C
IMG-LOGO

Çində peyk rabitəsi üzrə məlumatötürmə sürətində rekord qeydə alınıb

03-06-2025
IMG

Çin alimləri peyk rabitəsinin X-diapazonunda bir kanal üzrə 2100 Mbit/s olmaqla, məlumatötürmə sürəti üzrə milli rekord müəyyən ediblər. Bu göstərici əvvəlkilərlə müqayisədə 75 faiz daha sürətlidir.

Fhnews.az "Chinadaily" qəzetinə istinadla xəbər verir ki, bu texnoloji sıçrayış mülki peyklərdən artan həcmdə məlumatların ötürülməsini yaxşılaşdıracaq və kosmik tədqiqatların məhsuldarlığını artıracaq.

Peyk müşahidəsi imkanları daim inkişaf edir və peyklər getdikcə daha çox məlumat təqdim edirlər. Hazırda Çində mülki peyklər əsasən X-diapazonu vasitəsilə bir kanal üzrə 450-dən 1200 Mbit/s-ə qədər sürətlə məlumat ötürürlər. Lakin bu sürətlər kosmik tədqiqatlar üçün tələb olunan böyük məlumat həcmlərinin ötürülməsi üçün artıq kifayət etmir və bu, peyklərin səmərəli istifadəsini azaldır. Bu səbəbdən bir kanal üzrə ötürmə sürətinin artırılması böyük əhəmiyyət daşıyır.

Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiyalar İnstitutunun alimləri yeni yerüstü rabitə texnologiyasını sınaqdan keçirərək X-diapazonunda bir kanal üzrə 2100 Mbit/s ötürmə sürətinə nail olublar. Bu, mikrodalğalı rabitə ilə əvvəlki göstəricilərdən 75 faiz yüksəkdir.

Bu nailiyyət Yunnan əyalətinin cənub-qərbində yerləşən Liçzyan şəhərindəki peyk məsafədən zondlama yerüstü stansiyasında aparılan kompleks sınaqlar zamanı təsdiqlənib. Tədqiqatçılar sistemin texniki etibarlılığını uğurla nümayiş etdiriblər.

Paylaş: