4 iyun 2025, çərşənbə Bakı, 20°C
IMG-LOGO

Yekaterinburqda təhsil alan azərbaycanlı tələbələr arasında 4-cü ənənəvi minifutbol turniri keçirilib

02-06-2025
IMG

Yekaterinburqda təhsil alan azərbaycanlı tələbələr arasında 4-cü ənənəvi minifutbol turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun təşkilatçılığı, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sverdlovsk vilayətindəki nümyəndəliyinin və Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının təşkilatı dəstəyi ilə keçirilən turnirdə 8 komanda iştirak edib.

Turnirin açılış mərasimində çıxış edən baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev və RAGB-nin Sverdlovsk vilayəti üzrə nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan olunan “Konstitusiya və Suverenlik İli”dən bəhs edib və turnirdə iştirak edən komandalara uğurlar arzulayıblar.

Rəsmi açlışdan sonra yarışlara start verilib. Turnirin yarımfinalından əvvəl xanım azarkeşlər arasında intellektual idman müsabiqəsi keçirilib və müsabiqənin dörd qalibi Baş konsulluq tərəfindən mükafatlandırılıb.

Oyunların nəticələrinə əsasən 1-ci yeri “Azklub UrFU” komandası, 2-ci yeri “Nar FK” komandası, 3-cü yeri “Qarabağ FK” komandası tutub. İlk 3 yerin sahiblərinə turnir üçün xüsusi hazırlanmış “Konistitusiya və Suverenlik İli”nin rəmzi əksi olan kubok, medallar və Baş konsulluq tərəfindən müxtəlif məbləğdə pul mükafatları təqdim olunub.

Turnirdə Ruhid Qasımov (Ən yaxşı qapıçı - Masallı FK), Nicat Kərimli (Ən çox qol vuran - Nar FK), Hüseyn Süleymanov (Ən yaxşı oyunçu-“Azclub UrFU”) və Elbəyi Quliyev (Ən yaxşı müdafiəçi-Qarabağ FK) da təltif olunublar. Komandaların digər üzvlərinə turnirdə iştirak etdiklərinə görə təşəkkürnamə verilib.

Paylaş: