FHN yanğın təhlükəsizliyinə dair silsilə maarifləndirmə tədbirləri keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkədə yanğın təhlükəsizliyinin təmin olunması, o cümlədən əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Xidmət dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Bərdə, Ağcabədi, Cəlilabad, Göygöl, Şəmkir, Sabirabad, Salyan, Biləsuvar, Agsu, İsmayıllı və Şamaxı rayonlarında yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.
Tədbirlərdə Xidmətin nümayəndələri ilə yanaşı, Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul şəxsləri, rayonların icra hakimiyyətlərinin inzibati ərazi üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar və mexanizatorlar iştirak ediblər.
Tədbirlərdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən biçin prosesinə cəlb olunan bütün texnikaların saz vəziyyətdə saxlanılması, mühərriklərin atqı borularının qığılcımsöndürənlərlə təmin edilməsi və onların ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının zəruriliyi vurğulanıb. Həmçinin, açıq sahələrdə yanğın təhlükəsi yaradan quru ot, kol-kos, məişət tullantılarının vaxtında təmizlənməsi ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələlər qaldırılıb, biçilmiş taxıl sahələrinin yandırılmasının yolverilməz olduğu diqqətə çatdırılıb, yanğın təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar izah edilib və yerli qurumlar tərəfindən də əhali arasında sözügedən sahəyə dair maarifləndirmə işinin aparılmasının vacibliyi qeyd olunub.
Tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.
Qarabağ “DOST Evi” filialı ağacəkmə...
Ölkəyə idxal olunan toxumluq kartof...
Sel suları Bakı-Şamaxı yolunda...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
Elektron Təhlükəsizlik Xidməti yeni...