Kolumbiyada naməlum qədim insan populyasiyasının izləri aşkarlanıb - ARAŞDIRMA
“Science Advances” jurnalında dərc olunan yeni araşdırma Kolumbiyada əvvəllər məlum olmayan qədim insan populyasiyasının mövcudluğunu üzə çıxarıb.
Fhnews.az xəbər verir ki, beynəlxalq tədqiqat qrupu Kolumbiyanın mərkəzində yerləşən Altiplano yaylasında aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış 6000 illik 21 insan qalığının DNT analizini həyata keçirib. Tədqiqat nəticəsində bölgədə vaxtilə yaşamış, lakin müasir insanlarla genetik bağlantısı olmayan, tamamilə yoxa çıxmış insan qrupunun izləri müəyyən edilib. Kolumbiya “Homo sapiens” növünün təxminən 14 min 500 il əvvəl Mərkəzi Amerikadan Cənubi Amerikaya miqrasiya etdiyi ilk ərazilərdən sayılır. Bu fakt ölkəni kontinental miqyasda əhali keçidlərinin baş verdiyi mühüm coğrafi məkana çevirir. Yeni araşdırmada əldə olunan DNT sübutları göstərir ki, erkən ovçu-yığıcı qrupların genetik irsi müasir Kolumbiya əhalisinə ötürülməyib. Bu isə bölgədə əhali tərkibinin tamamilə dəyişdiyini göstərir.
Almaniyanın Tübingen Universitetindən antropoloq Kim-Luiz Krettek bildirir: “Biz Kolumbiyanın yüksək dağlıq bölgələrində yaşamış erkən ovçu-yığıcıların genetik izlərinə müasir əhali arasında rast gəlmədik. Bu isə o deməkdir ki, bölgədə tam bir əhali mübadiləsi baş verib”.
DNT analizləri vasitəsilə alimlər nəsillərarası əlaqələri izləyə və genetik dəyişikliklərin zamanla necə baş verdiyini müəyyən edə bilirlər. Tədqiqatın nəticələri göstərir ki, Kolumbiyada təxminən 6 min il əvvəl mövcud olmuş əhali sonradan yoxa çıxıb və yerini fərqli genetik quruluşa malik yeni insan qrupuna verib. Yeni əhali təxminən 2 min il əvvəl bölgəyə köçüb və çox güman ki, çibçan dillərində danışan icmalar olub. Bu qrup daha inkişaf etmiş kənd təsərrüfatı və dulusçuluq bacarıqları ilə əvvəlki ovçu-yığıcı cəmiyyətdən üstün mədəni təkamül keçirdiyini nümayiş etdirir.
Kolumbiya Milli Universitetindən genetik Andrea Kasas-Varqas qeyd edir: “Əvvəlki əhalinin genetik izlərinin tamamilə silinməsi Cənubi Amerika üçün nadir və maraqlı haldır”.
Tədqiqatçılar 6 min il əvvəlki ilkin əhalinin niyə və necə yoxa çıxdığı sualına dəqiq cavab vermirlər. Bununla belə, xəstəlik və ya sosial münaqişə kimi amillərin potensial səbəblər olduğu ehtimal edilir. Bu məsələ gələcək araşdırmalar üçün açıq qalır. Əvvəlki genetik araşdırmalar Cənubi Amerika yerli xalqlarının mənşəyinin daha mürəkkəb olduğunu və bəzi erkən populyasiyaların Avstraliya kimi uzaq bölgələrlə belə genetik əlaqələrinin ola biləcəyini göstərmişdi. Kolumbiyanın coğrafi mövqeyi, Cənubi Amerikanı Mərkəzi Amerikaya bağlayan “quru körpü” üzərində yerləşməsi bu cür tədqiqatlar üçün xüsusilə əhəmiyyətli məkana çevrilir.
Tübingen Universitetindən antropoloq Kosimo Postqeyd edir: “Bu, Kolumbiyada ilk dəfə olaraq nəşr olunan qədim insan genomlarıdır”.
Araşdırma nəticələri Cənubi Amerikanın ilkin məskunlaşma tarixinə dair dəyərli məlumatlar təqdim etməklə yanaşı, regionun gələcək tədqiqatlar üçün hələ çox sirr saxladığını göstərir.
Britaniyada özəl məktəblərdə şagird sayı...
Astana səmasında naməlum obyektlər...
Astronomlar qrupu kiçik ulduz orbitində...
Rusiyanın Voronej vilayətinin cənubunda...
Tailand bu il turistlərin ölkədə vizasız...