6 iyun 2025, cümə Bakı, 24°C
IMG-LOGO

Tədqiqat: Süd Yolunun Andromeda qalaktikası ilə toqquşma ehtimalı daha azdır

04-06-2025
IMG

Süd Yolu və qonşu Andromeda qalaktikası hazırda saatda təxminən 400 min kilometr sürətlə kosmosda bir-birinə doğru irəliləyir və hər ikisini məhv edə biləcək mümkün qalaktik toqquşma riski yaradır.

Fhnews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, alimlər bu kataklizmin mümkünlüyü barədə versiyaları irəli sürüblər. Əvvəlki tədqiqatlar bu toqquşmanın təqribən 4-4,5 milyard il sonra baş verəcəyini proqnozlaşdırsa da, son müşahidə məlumatlarından istifadə edən və yeni araşdırma həmin ehtimalı təkzib edir. Belə ki, növbəti 5 milyard il ərzində toqquşma ehtimalı 2 faizdən az, növbəti 10 milyard ildə isə 50 faiz olaraq qiymətləndirilib.

Qalaktik birləşmələr ulduzların və planetlərin bir-birinə çırpıldığı dağıdıcı zərbə kimi deyil, böyük miqyasda mürəkkəb proses kimi dəyərləndirilir. “Nature Astronomy” jurnalında dərc olunan araşdırmanın aparıcı müəllifi, Helsinki Universitetinin astrofiziki Till Savala deyib: “Gələcəkdə toqquşma baş verərsə, bu, həm Süd Yolunun, həm də Andromedanın sonu olacaq. Əgər birləşmə baş verərsə, bunun 7-8 milyard il sonra baş verməsi ehtimalı daha yüksəkdir. Lakin biz hazırkı məlumatlara əsaslanaraq belə bir qənaətə gəldik ki, toqquşmanın vaxtını proqnozlaşdırmaq mümkün deyil”.

Hazırda iki qalaktika bir-birindən təxminən 2,5 milyon işıq ili uzaqlıqda yerləşir. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir (9,5 trilyon kilometr).

Günəş Süd Yolunun milyardlarla ulduzundan biridir. Spiral formalı qalaktikamızın ümumi kütləsi (ulduzlar və ulduzlararası qaz, eləcə də varlığı cazibə təsirləri ilə üzə çıxan görünməz material olan qaranlıq materiya daxil olmaqla) Günəşin kütləsindən təxminən bir trilyon dəfə böyük hesab edilir.

Andromeda qalaktikasının forması və ümumi kütləsi Süd Yoluna bənzəyir.

Tədqiqatçılar “Gaia” və “Hubble” kosmik və müxtəlif yerüstü teleskopların yenilənmiş məlumatlarından, eləcə də yenidən işlənmiş qalaktik kütlə təxminlərindən istifadə edərək növbəti 10 milyard il ərzində Süd Yolunun hərəkətini simulyasiya ediblər.

Yaxınlıqdakı digər qalaktikaların da toqquşmanın baş verməsinə təsir edəcəyi proqnozlaşdırılır. Əvvəlki tədqiqatlar “Messier 33” və ya M33 adlanan Üçbucaq qalaktikasının qravitasiya təsirini izah edirdi ki, bu da Süd Yolu və Andromedanın təxminən yarısı qədərdir. Amma həmin araşdırmada Süd Yolunun daha kiçik peyk qalaktikası olan Böyük Magellan Buludu da nəzərə alınıb.

Paylaş: