6 iyun 2025, cümə Bakı, 22°C
IMG-LOGO

AİB ilə sahil infrastrukturunun qurulması və təbii qaz sahəsində əməkdaşlıq müzakirə edilib

04-06-2025
IMG

Energetika naziri Pərviz Şahbazov ilə Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya regionu üzrə vitse-prezidenti Yingming Yang arasında görüş keçirilib.

Nazirlikdən  bildirilib ki, görüşdə enerji sahəsində AİB ilə uzunmüddətli və səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, enerji gündəliyinin əsas prioritetləri üzrə fikir mübadiləsi aparılıb. Bankın enerji balansının şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması və regional enerji əlaqələrinin qurulmasına önəm verən siyasəti çərçivəsində əməkdaşlıq imkanlarına maraq göstərilib.

Qeyd edilib ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafının birinci mərhələsi başa çatmaq üzrədir və bu mərhələ çərçivəsində 2027-ci ilədək enerji sisteminə 2 QVt həcmində yaşıl enerji güclərinin inteqrasiyası planlaşdırılır. Bundan başqa, Xəzər dənizində külək enerjisindən istifadə ilə bağlı layihələr, Avropa, Türkiyə və Mərkəzi Asiya istiqamətlərində müxtəlif yaşıl enerji dəhlizlərinin inkişafı istiqamətində atılan addımlar diqqətə çatdırılıb. Bu xüsusda AİB-in “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasına maliyyə dəstəyi yüksək qiymətləndirilib.

Görüş zamanı vurğulanıb ki, dənizdə istehsal ediləcək enerjinin bir qisminin ölkənin enerji sisteminə inteqrasiyası, digər hissəsinin isə ixraca yönəldilməsi planlaşdırılır. Bu baxımdan, dəniz külək enerjisinin sahilə ötürülməsi üçün zəruri infrastrukturun yaradılması üzrə AİB ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sahil infrastrukturlarının qurulması və Avropaya təbii qaz tədarükünün genişləndirilməsi ilə bağlı əməkdaşlıq təkliflərinin AİB tərəfindən müsbət qarşılandığı bildirilib. Enerji interkonnektorları və istilik təchizatı sahəsində əməkdaşlıqla bağlı da müzakirələr aparılıb.

Paylaş: