Nazirlik: Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi istiqamətində səyyar xidmətlər göstərilir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə bu ildən 4 iyun - Ümumdünya Köməkçi Texnologiyalar Günü kimi qeyd edilir.
Prezident İlham Əliyevin tapşırıqları əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son illər aparılan sosial islahatlar çərçivəsində reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurularaq və şəbəkəsi genişləndirilərək köməkçi texnologiyalar (reabilitasiya vasitələri) ilə təminatın gücləndirilməsi üçün də mühüm addımlar atılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkəmizin müstəqilliyi tarixində ilk dəfə əlilliyi olan şəxslərin yüksək texnologiyalı protezlərlə və mühərrikli təkərli oturacaqlarla təmin edilməsinə başlanılıb.
Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növləri nazirlik tərəfindən ÜST ilə əməkdaşlıq çərçivəsində təşkilatın təsnifatına uyğun hərəkətlilik, özünəqulluq, görmə, eşitmə və ünsiyyət üçün reabilitasiya vasitələri kimi qruplaşdırılıb. Həmin növlərin siyahısında yekun say 57-dən 81-ə çatdırılıb. Siyahıda 81 əsas reabilitasiya vasitəsilə yanaşı, reabilitasiya vasitələrinin istifadəsi üçün 49 adda əlavələr də öz əksini tapıb.
2018-2024-cü illərdə əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına təqdim edilən reabilitasiya vasitələrinin illik sayı 2,7 dəfə artaraq 97 minə çatıb. Eyni zamanda, postmüharibə dövründə nazirlik tərəfindən 493 hərbçi 610 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin olunub.
Eləcə də əlilliyi olan şəxslərin yaşadıqları ünvanlarda reabilitasiya vasitələri ilə təmin edilməsi istiqamətində səyyar xidmətlər göstərilir. Həmin xidmətlər zamanı əlilliyi olan şəxslərə reabilitasiya vasitələrindən istifadə və qulluq qaydaları barədə məlumatlar da verilir.
Azərbaycanda sabaha olan hava proqnozu...
Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda...
Bakıda Qurban bayramı münasibətilə...
“Təmiz Şəhər” ASC-nin təşəbbüsü...
Qurban bayramı: Səxavət, yardımlaşma və...