Qazaxıstanda çəyirtkələrin yayılma sahəsi 2 milyon hektara çata bilər
Qazaxıstanda çəyirtkələrlə mübarizə üzrə genişmiqyaslı kampaniya davam edir. İndiyədək 1 milyon hektardan çox ərazi dərmanlanıb ki, bu da planlaşdırılan işlərin təxminən 50 faizini təşkil edir.
Fhnews.az “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Yermek Kenjehanulı məlumat verib.
“Çəyirtkələrlə mübarizə tam hazırlıq əsasında başlayıb. Respublika səviyyəsində qərargah yaradılıb, bölgələrdə də oxşar qərargahlar fəaliyyət göstərir. Lazımi texnika, dərman preparatları və digər lazımi təminat həyata keçirilib”, – deyə o, qeyd edib.
Nazir müavininin sözlərinə görə, əvvəlcə zərərvericilərin təqribən 1 milyon hektar sahəni əhatə edəcəyi proqnozlaşdırılsa da, hazırda bu rəqəmin 2 milyon hektara qədər arta biləcəyi ilə bağlı məlumatlar daxil olur.
Zərərvericilərin ocaqları ölkənin 15 vilayətində qeydə alınıb. Xüsusilə Qızılorda və Aktöbe vilayətləri risk altındadır. Türküstan vilayətində işlər demək olar ki, başa çatıb, Qızılorda və Jambıl vilayətlərində isə yekun mərhələdədir.
“Çəyirtkələrlə mübarizədə istifadə olunan preparatlar mütləq laborator yoxlamadan keçirilir. Onların insan sağlamlığına, heyvanlara və ətraf mühitə təsiri araşdırılır. İstifadəyə yalnız müvafiq ekspertizalardan sonra icazə verilir”, – deyə Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini vurğulayıb.
Türkiyənin geoloji irsinə namizəd: Meke...
Dünyanın ən hündür dəmir yolu körpüsü...
Qvatemalada Fueqo vulkanı püskürüb...
Çilidə 6,4 bal gücündə zəlzələ baş verib...
BMT: Dünya okeanı dərin böhran içindədir...