Turizmdə iqlim dəyişiklikləri mövzusunda konfrans keçirilib
İyunun 6-da BMT-nin Turizmin Avropa Regional Komissiyasının Bakıda keçirilən 71-ci iclası çərçivəsində “Təkandan yüksəlişə: Turizmdə iqlim dəyişikliklərinə qarşı fəaliyyətin COP29-dan sonra irəliləməsi” mövzusunda tematik konfrans təşkil edilib.
Dövlət Turizm Agentliyindən bildiriblər ki, konfransda COP29-dan sonrakı dövrdə turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə sektorun milli və qlobal iqlim siyasətlərinə inteqrasiya edilməsi, turizm sektorunda iqlim tədbirlərinin sürətləndirilməsinin zəruriliyi və emissiyaların azaldılması, Avropa regionunda dayanıqlı turizm təcrübələrinin tətbiqinin təşviqi, yaşıl keçid üçün lazımi resursların səfərbər edilməsi məsələləri müzakirə olunub.
Vurğulanıb ki, Qlazqo Bəyannaməsi və “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” turizm sektorunda dövlət orqanlarını, özəl biznesləri və digər maraqlı tərəfləri karbon emissiyasının azaldılması strategiyaları üzrə hədəfləri qəbul etməyə, bu istiqamətdə tədbirləri dəstəkləməyə təşviq edir.
Konfransda “Mitiqasiya – Aşağı karbonlu turizmin gələcəyi üçün praktiki addımlar” və “Adaptasiya – Dəyişən iqlimə qarşı turizmin hazırlığı” mövzularında panel sessiyalar keçirilib.
Panel sessiyalarda turizm sahəsində dekarbonizasiya, emissiyaların ölçülməsi və azaldılması sahəsində praktiki yanaşmalar və real həllər, dəniz səviyyəsinin qalxması, ekstremal hava şəraiti və ekosistemlərin məhv olma təhlükəsi kimi iqlim risklərinin idarə olunması, dayanıqlı infrastrukturlardan istifadə və adaptasiya tədbirlərinin turizm planlaşdırmasına inteqrasiyası yolları ətrafında fikir mübadiləsi aparılıb.
Panel müzakirələrdə, həmçinin Azərbaycanın turizm sektorunda iqlim dəyişikliklərinə qarşı həyata keçirilən tədbirlər, o cümlədən “Turizm üzrə iqlim fəaliyyəti planı”nın hazırlanması və dayanıqlı infrastruktur prinsiplərinin turizmin inkişafında tətbiqi barədə məlumat verilib.
Turizmdə iqlim dəyişiklikləri mövzusunda...
“Yay musiqi mövsümü”nün ziyarətçiləri...
Laçında Azərbaycan və MDB-yə üzv...
Dövlət Turizm Agentliyi tərəfindən elan...
Azərbaycanda çəkilən ilk cizgi...