7 iyun 2025, şənbə Bakı, 21°C
IMG-LOGO

Su ehtiyatlarının idarə olunmasında peşəkar kadrların hazırlanması davam edir

06-06-2025
IMG

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təlim və İnnovasiyalar Mərkəzi ölkədə su ehtiyatlarının davamlı və səmərəli idarə olunması üçün peşəkar kadrların hazırlanmasında mühüm rol oynayacaq.

Fhnews.az xəbər verir ki, bu barədə Təlim və İnnovasiyalar Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı keçirilən tədbirdə məlumat verilib. Bildirilib ki, Mərkəz insan resurslarının peşəkarlığını artırmaq və sahəyə innovativ yanaşmalar gətirmək məqsədi daşıyır.

Müasir təlim korpusu, hidrotexniki qurğularla təchiz edilmiş poliqon sahəsi və ekoparkdan ibarət olan Mərkəz həm nəzəri, həm də praktiki təlim üçün yüksək şəraitlə təmin olunub.

Burada təlim otaqları, laboratoriyalar, kitabxana, idman zalı və yataqxana fəaliyyət göstərir. Eyni vaxtda yüzlərlə iştirakçının tədris alması mümkündür.

Mərkəzdə il ərzində su ehtiyatlarının idarə olunması, içməli suyun emalı, tullantı sularının idarəsi, iqlim dəyişikliklərinə uyğunlaşma və digər mövzular üzrə müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulur.

Təlim və İnnovasiyalar Mərkəzi yaxın vaxtlarda beynəlxalq ISO/IEC 17024 standartı üzrə akkreditasiyadan keçməyi və İqtisadiyyat Nazirliyindən təlim lisenziyası alaraq fəaliyyətini daha da genişləndirməyi hədəfləyir.

Paylaş: