Azərbaycan-Keniya ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edilib
İyunun 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi ilə görüşüb.
Fhnews.az xəbər verir ki, tərəflər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Geniştərkibli görüş zamanı Azərbaycan-Keniya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər müzakirə edilib.
Diplomatik münasibətlərin 20 illiyinin qeyd olunduğu Azərbaycan-Keniya əlaqələrinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığına dair həmfikirlik ifadə olunub, ali və yüksək səviyyəli səfərlərin dinamikasının saxlanılması, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəmliyinin təmini və ikitərəfli hüquq-müqavilə bazasının gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə Keniya arasında BMT, Qoşulmama Hərəkatı və BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) kimi çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb.
İqtisadiyyat, ticarət, investisiyalar və ətraf mühit məsələlərinə toxunularaq, informasiya və kommunikasiya texnologiyaları, enerji və təbii ehtiyatlar, kənd təsərrüfatı və turizm, iqlim dəyişikliyinə qarşı mübarizə və yaşıl transformasiya sahələrində əməkdaşlıq üçün böyük potensial və imkanların olduğu bildirilib.
Dövlət xidmətlərinin əlçatanlığının təmini və asanlaşdırılması sahəsində Azərbaycanın unikal layihəsi olan “ASAN xidmət” ilə Keniyanın “Huduma Proqramı” arasında intensivləşən əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Azərbaycan və Keniya arasında təhsil və mədəniyyət sahələri üzrə mübadilələrin artırılmasının xalqlarımızın bir-birini daha yaxından tanıması və anlamasındakı rolundan bəhs olunub.
Azərbaycan Respublikasının Keniyanın paytaxtı Nayrobi şəhərində səfirliyinin rəsmi fəaliyyətə başlamasının ikitərəfli əməkdaşlığımızın daha sistematik və əhatəli şəkildə həyata keçirilməsinə töhfə verəcəyinə dair əminlik ifadə olunub.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Azərbaycanın vaxtilə işğal altında olan...
Levon Mnatsakanyan Aprel döyüşləri...
Azərbaycan və Çin arasında...
Azərbaycanın Baş naziri MDB Hökumət...
Azərbaycan ilə Şimal və Baltik...