4 iyun 2025, çərşənbə Bakı, 21°C
IMG-LOGO

BMU-da imtahan sessiyası keçirilir

02-06-2025
IMG

Bakı Mühəndislik Universitetində (BMU) 2024/2025-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb.

Universitetdən bildirilib ki, bakalavriat və magistratura səviyyələrində iyulun 5-dək davam edəcək imtahanlarda tələbələrin biliyinin ədalətli qiymətləndirilməsi, şəffaflığın tam təmin olunması üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Tələbələrin fənlər üzrə imtahanqabağı ballarının BMU-nun Elektron Məlumat Sistemi vasitəsilə avtomatik hesablanması məqsədilə əldə olunan bütün qiymətləndirmə məlumatları (dərsə davamiyyət, semestr daxili fəaliyyətlər, sərbəst iş, laboratoriya və kurs işi nəticələri) imtahana qədər sistemə yerləşdirilib.

Sessiyanın gedişinə operativ nəzarət edilməsi, yarana biləcək şikayətlərin dərhal araşdırılması məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb və bu barədə tələbələrə gərəkli məlumatlar verilib.

İmtahanların mövcud normativ sənədlər əsasında və təlimata uyğun keçirilməsi, sessiya müddətində nizam-intizamın yüksək səviyyədə təşkili universitet rəhbərliyinin diqqət mərkəzində saxlanılacaq.

Nəticələr imtahan keçirilən gün fənn müəllimləri tərəfindən elektron sistemə yerləşdiriləcək.

Akademik borcu qalan və üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə təkrar imtahanlar təşkil olunacaq.

Paylaş: