3 iyun 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Azərbaycanda uşaqların təhsili: gələcəyə inamlı sərmayə

01-06-2025
IMG

Azərbaycanda uşaqların təhsili və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Müstəqillik bərpa olunandan bəri ölkədə təhsilin əlçatanlığının artırılması, keyfiyyətin yüksəldilməsi və müasir yanaşmaların tətbiqi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu yanaşma Azərbaycanın gələcəyini bilikli, yaradıcı və milli dəyərlərə bağlı gənc nəsil üzərində qurmaq əzmini ortaya qoyur.

Fhnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, uşaqların təhsili, istedadlarının üzə çıxarılması, intellektual inkişafı, asudə vaxtlarının və tərbiyəsinin düzgün təşkili məqsədilə genişmiqyaslı layihələr reallaşdırılır. Eyni zamanda, onların hüquqlarının qorunması, sağlamlığı və sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır.

2024–2025-ci tədris ili üzrə ibtidai təhsil səviyyəsində 580 min 630 şagird təhsil alır. Dövlət məktəbəqədər təhsil müəssisələrində isə 106 min nəfərə yaxın uşaq təlim-tərbiyə prosesinə cəlb edilib. Bu göstəricilər ölkədə təhsilin əhatə dairəsinin ildən-ilə genişləndiyini sübut edir.

Azərbaycanda uşaqlara qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Uşaqların təhsili, istedadlarının üzə çıxarılması, intellektual inkişafı, asudə vaxtlarının və tərbiyəsinin düzgün təşkili məqsədilə mühüm layihələr həyata keçirilir.

Müasir yanaşmalar: STEAM və rəqəmsal bacarıqlar

Təhsilin keyfiyyətinin artırılması məqsədilə son illər innovativ layihələrin tətbiqinə başlanılıb. 2019–2020-ci tədris ilindən etibarən Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun dəstəyi ilə “STEAM Azerbaijan” layihəsinə start verilib. Bu layihə hazırda ölkə üzrə 400-ə yaxın dövlət ümumtəhsil məktəbində tətbiq olunur və 220 mindən çox şagirdi əhatə edir.

STEAM modeli elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat fənlərinin inteqrasiyasına əsaslanır və şagirdlərə yaradıcı, tənqidi və kompleks düşünmə bacarıqları qazandırır. SAF 2024 – Beynəlxalq STEAM Azərbaycan Festivalında ölkəmizi 625 komanda üzrə 2500 nəfər şagird təmsil edib. Festivalda iştirakçılar arasında layihələrə əsaslanan yarışlar və praktiki fəaliyyətlər uşaqların potensialını nümayiş etdirmək baxımından xüsusi əhəmiyyət kəsb edib.

Digər bir uğurlu təşəbbüs — “Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən tətbiq olunur. Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan layihə II–IX sinif şagirdlərini əhatə edir və onların informasiya-kommunikasiya texnologiyaları sahəsində dərin biliklərə yiyələnməsini təmin edir. Layihə çərçivəsində proqramlaşdırma, veb-dizayn, alqoritmik düşüncə və robot texnikası üzrə bacarıqlar şagirdlərə aşılanır. Bu isə onların gələcəkdə əmək bazarında rəqabətədavamlı mütəxəssislər kimi formalaşmasına zəmin yaradır.

Peşə təhsili məktəbdən başlanır

Orta ümumtəhsil məktəblərində peşə təmayüllü siniflərin yaradılması da bu istiqamətdə atılan mühüm addımlardandır. 2024–2025-ci tədris ilində peşə təmayüllü siniflərin sayı 232-yə çatmaqla ümumilikdə 196 məktəbdə 4296 şagirdi əhatə edir.

Bu siniflər X–XI siniflər üzrə fəaliyyət göstərir və şagirdlərin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlar əldə etməsinə, sahibkarlıq təfəkkürünün formalaşmasına və əmək bazarının tələblərinə uyğun yönəldilməsinə imkan yaradır. Layihənin məqsədi məktəb yaşından başlayaraq real peşə seçiminə istiqamətlənmiş, praktiki vərdişlərə malik gənclərin yetişdirilməsidir.

İnklüziv və bərabər təhsil imkanları

Azərbaycanda təhsil siyasətində inklüzivlik də xüsusi yer tutur. Əlilliyi olan uşaqlar üçün xüsusi proqramlar, fərdi tədris planları və müvafiq infrastruktur təmin edilir. Bu istiqamətdə müəllimlər üçün ixtisasartırma kursları təşkil olunur, valideynlərin maarifləndirilməsi və dəstəklənməsi həyata keçirilir. Məqsəd təhsildə heç kimin geridə qalmamasıdır.

Asudə vaxtın təşkili və məktəbdənkənar təhsil

Uşaqların hərtərəfli inkişafı üçün məktəbdənkənar fəaliyyətlərin təşkili də dövlətin diqqət mərkəzindədir. Yaradıcılıq evləri, uşaq-gənclər inkişaf mərkəzləri, musiqi və idman məktəbləri minlərlə uşağın bacarıqlarını aşkar etməsi və inkişaf etdirməsi üçün şərait yaradır. Bu mərkəzlərdə şagirdlər təkcə istedadlarını inkişaf etdirmir, həm də ictimai fəallıq, liderlik və komanda bacarıqları qazanırlar.

Valideyn və cəmiyyət dəstəyi

Təhsilin səmərəliliyi yalnız məktəb daxilində deyil, eyni zamanda, ailə və cəmiyyətlə əməkdaşlıqdan asılıdır. Valideynlərin təlim-tərbiyə prosesinə fəal cəlb olunması, məktəb-valideyn münasibətlərinin möhkəmləndirilməsi və maarifləndirici layihələrin icrası bu baxımdan vacib amillərdir.

Azərbaycanda uşaqlara göstərilən qayğı və onların təhsili sahəsində görülən işlər onu deməyə əsas verir ki, ölkəmiz gələcəyini savadlı, yaradıcı və vətənpərvər nəslin yetişdirilməsində görür. Bu istiqamətdə həyata keçirilən proqramlar və layihələr təkcə bu günün deyil, sabahın cəmiyyətinin qurulmasına yönəlmiş strateji yanaşmadır.

Paylaş: