1 iyun 2025, bazar Bakı, 23°C
IMG-LOGO

Himayədar ailə valideyn himayəsindən məhrum uşaqların ailə mühitində böyüməsinə imkan yaradır

31-05-2025
IMG

Hər il mayın 31-i bir sıra ölkələrdə Ümumdünya Himayədar Ailə Günü kimi qeyd olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin günün qeyd olunmasında məqsəd valideyn himayəsindən məhrum olan uşaqları ailə şəraitində müvəqqəti böyüdən himayədar ailələrin əhəmiyyətini vurğulamaq, onları dəstəkləməkdir.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 12-də imzaladığı qanunvericilik aktları ilə Azərbaycanda da himayədar ailə institutunun tətbiqinə başlanıb. “Himayədar ailə” qayğı modeli uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biridir. Bu model valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsi və inkişafını nəzərdə tutur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 47 uşaq himayədar ailələrə verilib. Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

Himayədar ailələrə verilən uşaqlardan 18-i oğlan, 29-u qızdır.

Himayəyə verilən 47 uşaqdan 25-i Bakı şəhərində, 22-i rayonlardakı (Ağcabədidə 1, Astarada 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 1, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1 ailə) ailələrdə yaşayır.

Ölkəmizdə himayədar ailələrə dövlət dəstəyi də göstərilir. Onlara himayəyə götürdükləri 0-6 yaş arası uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat, habelə əlilliyi olan 0-6 yaş arası uşağa görə 395 manat, 7-13 yaş arası uşağa görə 415 manat, 14-18 yaş arası uşağa görə 435 manat aylıq müavinət verilir.

Eyni zamanda, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün həmin ailələr hər rübdə bir dəfə hər uşağa görə 200 manat birdəfəlik müavinətlə də təmin edilirlər.

Paylaş: