Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq
Milli Məclisdə Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Fhnews.az xəbər verir ki, parlamentin mayın 30-da keçirilən iclasının gündəliyinə daxil edilmiş qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təqdim olunub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində yerli özünüidarəetmə sahəsində korrupsiyaya şərait yaradan səbəblərin araşdırılması və onların aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, “Bələdiyyələrin statusu haqqında” Qanuna təklif edilən yeni maddənin bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını nəzərdə tutur. Bu sistem korrupsiya hallarının qarşısının alınmasına, idarəetmədə şəffaflığın və hesabatlılığın artırılmasına töhfə verəcək. Eyni zamanda, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanun layihəsində həmin informasiya sisteminin yerli büdcə gəlirləri hesabına maliyyələşdirilməsi təklif edilir. Bu isə yerli özünüidarə orqanlarının maliyyə müstəqilliyini qorumaqla yanaşı, resursların daha səmərəli istifadəsinə şərait yaradacaq.
Qanun layihəsində təklif olunan digər mühüm yeniliklərdən biri də bələdiyyə bildirişlərinin elektron formada göndərilməsi ilə bağlıdır. Bu yanaşma vətəndaşlara daha əlçatan və operativ xidmət göstərilməsinə, həmçinin sənəd dövriyyəsinin rəqəmsallaşdırılması fonunda idarəetmənin sadələşdirilməsinə imkan yaradacaq.
Təklif olunan dəyişikliklərin “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, eləcə də “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlara da şamil olunmaqla, Milli Fəaliyyət Planında nəzərdə tutulan islahatların praktiki icrasına xidmət edəcək.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
Şuşada beynəlxalq uşaq yaradıcılıq...
Vəkillər Kollegiyasının rəhbərliyi...
Tbilisidə Mir Cəlal Paşayevin gürcü...
Bu Nuhun gəmisi, yoxsa sadəcə böyük bir...
Növbəti köç karvanı Bəylik kəndinə çatıb...