Qlobal temperatur növbəti beş il ərzində rekord həddə qalacaq
BMT-nin mətbuat xidmətinin verdiyi məlumata görə, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni hesabatında bildirilir ki, proqnozlara əsasən, qarşıdakı beş il ərzində qlobal temperatur rekord və ya rekorda yaxın səviyyədə qalacaq. Bu isə iqlim risklərini artıracaq və cəmiyyət, iqtisadiyyat və inkişaf üçün mənfi nəticələr doğuracaq.
2025-ci ildən 2029-cu ilə qədər olan dövr üçün hər ilin qlobal illik orta səth temperaturunun sənaye öncəsi dövrə, yəni 1850–1900-cü illərə nisbətən 1,2–1,9 dərəcə Selsi yüksək olacağı gözlənilir. Həmçinin bu dövrdə ən azı bir ilin müşahidələr tarixindəki ən isti il olan 2024-dən də isti keçməsi ehtimalı 80 faizdir.
Proqnoza əsasən, beş illik orta temperaturun Paris İqlim Sazişi ilə müəyyən edilmiş 1,5 dərəcə Selsi həddini aşması ehtimalı 70 faizdir. Müqayisə üçün qeyd edək ki, əvvəlki hesabatda 2024–2028-ci illər üçün bu ehtimal 47 faiz olaraq qiymətləndirilmişdi. Temperaturun hər əlavə hissəsi daha güclü istilik dalğalarına, ekstremal yağıntılara, kəskin quraqlıqlara, buzlaqların əriməsinə, okeanların isinməsinə və dəniz səviyyəsinin qalxmasına səbəb olur.
Proqnozlara görə, qarşıdakı beş genişlənmiş qış mövsümü ərzində (noyabrdan marta qədər) Arktikada istiləşmə qlobal orta göstəricidən 3,5 dəfə daha sürətlə baş verəcək. 2025–2029-cu illərin mart ayları üçün dəniz buzlarının vəziyyəti ilə bağlı proqnozlar Barens, Berinq və Oxot dənizlərində buz konsentrasiyasının daha da azalacağını göstərir. Biz artıq müşahidə tarixində ən isti on ili yaşamışıq.
ÜMT-nin hesabatına görə, təəssüf ki, yaxın illərdə hər hansı bir fasilə gözlənilmir. “Biz artıq müşahidə tarixində ən isti on ili arxada qoymuşuq. Təəssüf ki, ÜMT-nin hesabatına əsasən, yaxın illərdə bu prosesdə bir yavaşlama olmayacaq və bu da iqtisadiyyatımıza, gündəlik həyatımıza, ekosistemlərə və planetimizə mənfi təsirlərin artacağı anlamına gəlir”, – deyə ÜMT-nin Baş katibinin müavini Ko Barret bildirib.
“İqlimin fasiləsiz monitorinqi və proqnozlaşdırılması qərar qəbul edənlərə uyğunlaşma prosesində yardımçı olacaq elmi əsaslı alətlər və məlumatlar təqdim etmək üçün vacibdir”, - deyə o qeyd edib.
Paris İqlim Sazişində 1,5 dərəcə Selsi (və maksimum 2 dərəcə Selsi) istiləşmə həddi qeyd olunub. Bu hədd uzunmüddətli istiləşməyə, yəni adətən 20 il ərzində müşahidə olunan qlobal temperatur göstəricilərinə əsaslanır. Belə səviyyələrin müvəqqəti aşılmasının isə getdikcə daha tez-tez baş verəcəyi gözlənilir.
Son proqnozlara görə, 2015–2034-cü illər arası 20 illik dövr üçün orta istiləşmə 1,44 dərəcə Selsi təşkil edəcək. Bu il BMT-nin iqlim dəyişikliyi üzrə COP-30 konfransı Braziliyanın Belen şəhərində keçiriləcək və burada ölkələrin “milli səviyyədə müəyyən edilmiş töhfələr” adı ilə tanınan iqlim fəaliyyət planlarının yenilənmiş versiyaları nəzərdən keçiriləcək. Bu planlar Paris Sazişinin məqsədlərinə çatmaq üçün həlledici əhəmiyyət daşıyır.
Nigeriyada daşqınlar nəticəsində ən azı...
İndoneziyada uçqun nəticəsində ən azı 13...
Fransada ictimai yerlərdə siqaret çəkmək...
Qvatemalada 3 min ilə yaxın tarixi olan...
Alimlər: Yer kürəsi əhalisinin yarısı...