30 may 2025, cümə Bakı, 23°C
IMG-LOGO

Şair Muxtar Qasımzadənin poeziya dünyası...

28-05-2025
IMG

İllər ötdü, bu da yetmiş -

Necə gəldi, necə getdi...

Yoxsa həyat yuxu imiş?

Gecə gəldi, gecə getdi…

Şair-publisist, poeziyasının xəmiri Naxçıvanın suyundan yoğrulmuş, sonradan bu mayadan bərəkətli şerlər dünyası yaradan tanınmış ziyalı, öz poetik imkanlarını ölçüb-biçən, sözə qənaətlə yanaşan qələm sahibi Muxtar Qasımzadə bu misraları 70 illik yubileyinə ithaf etdiyində yaşadığı ömrün bir göz qırpımında necə sürətlə keçdiyini ifadə etmək istəyib.Bu gün şair 75 yaşa doğru yol alır,amma bu yolun  da hər dayanacağı yenə şeriyyətə köklənir. Bu şerlər sanki onun yaşadığı ömrünün bir özətidir. İnsan yaşa dolduqca arxada qalan illərə boylanır,yaşadıqlarının hesabatını verməyə çalışır.Şairlər üçün isə bu hesabatın yükü bir başqadır.

Çağdaş ədəbiyyatımızın orta nəslinə mənsub nümayəndəsi olan Muxtar Qasımzadənin poeziya dünyasında hər çiçəyin öz ətri var. Vətən sevgisi, məhəbbət dünyası, Naxçıvan abidələrinin bədii əksi, füsunkar təbiətin gözəllikləri,ulu yurdun ecazkar mənzərələri….

Onlarla şer kitabının müəllifi olan şairin  "Vətən müqəddəsdir oğullar üçün, ucaldır adını şərəfli adla", - deyərək ürəyini yeddinci qitə ("Yeddinci qitə") adlandırır. Onun yaradıcılığının hər sözündən vətənə məhəbbət hissi vulkanik bir eşq kimi püskürür. Bu qəlbin - bu qitənin öz dünyası, öz xasiyyəti, öz sakinləri, öz kəndləri, şəhərləri, dağları, daşları var. Amma etiraf edək ki, bu qitənin - bu qəlbin paytaxtı, baş yurdu Naxçıvandır, Azərbaycanın alınmaz qalası kimi dünya mədəniyyətinə beşiklik edən, görkəmli şəxsiyyətlər yurdu olan Naxçıvan:

Canım, gözüm, torpağım,

Laylam, nəğməm, beşiyim.

Yurdum, yuvam, ocağım,

Salam, evim-eşiyim.

Haçadağ, kürsüm olsun,

İlqarından söz deyim

Atam Naxçıvanımın,

Anam Naxçıvanımın…

70 illik ömrün böyük zaman dilimində-gənclik illərindən  bu günə qədər jurnalistlik fəaliyyətini davam etdirən yazar kök salmış  bədii yaradıcılığının kölgəsində bu gün də oxucularının ürəyinə su səpir. Şeir və poemaları mətbuatdan, ədəbi jurnallardan, almanaxlardan, mavi ekrandan, radio dalğalarından ictimaiyyətə yaxşı tanış olan bu imzanın sahibi Muxtar Qasımzadə müxtəlif vaxtlarda beynəlxalq poeziya festivallarının iştirakçısı olmuş, şeirləri rus, fars, ingilis dillərinə tərcümə edilmişdir.

Muxtar Qasımzadə Televiziya və radionun inkişafındakı xidmətlərinə görə ölkə Prezidentinin sərəncamı ilə (2006) “Tərəqqi” medalına layiq görülmüşdür. Vaxtilə Xalq yazıçısı Hüseyn İbrahimovun onun haqqında dedikləri şairin yaradıcılığının ana xəttidir : "Muxtar Qasımzadə az yazır, ancaq yaxşı yazır. Deyilməmiş, necə deyərlər, əl dəyməmiş mövzular tapır". Bu "əl dəyməmiş" mövzular onun qələmindən süzülən misraların işığında cağdaş Azərbaycan poeziyasında bir dəst-xətt yaradıb.

Görkəmli elm adamı, akademik İsa Həbibbəylinin Muxtar Qasımzadə haqqında dediyi "Şair Muxtar Qasımzadənin şeirləri göstərir ki, sənətin vəzifəsini düzgün başa düşür, müəllif mövzu dairəsinin genişliyi ilə nəzəri cəlb edə bilir"-fikirləri onun yazımızın başlanğıcında keçən ömür yoluna xitab etdiyi misralarında bu onillikləri boşuna yaşamadığı,sənətinin,qələminin vəzifəsinin nəyə xidmət etdiyinin fərqində olmasının sübutudur.

Şair-publisist Muxtar Qasımzadənin onlarla kitabı yaradıcılığının vəsiqəsidir. Şairin hələlik son nəşri olan “Seçilmiş əsərləri” rəflərimizin oxunaqlı kitaplarındandır.

Paylaş: