29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Tədqiqat Mərkəzinin açılışı olub
 

27-05-2025

Mayın 27-də Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) Tədqiqat Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Fhnews.az xəbər verir ki, tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev QHGT Tədqiqat Mərkəzinin gənclərin prioritet və perspektivlərini ön planda saxlayaraq onların qlobal problemlərin həllində mənalı iştirakına mühüm töhfələr verəcəyini qeyd edib. Nazir müavini Qoşulmama Hərəkatına üzv ölkələrin gənc tədqiqatçılarının elmi-texniki potensialının artırılmasında QHGT Tədqiqat Mərkəzinin vacib rol oynayacağını vurğulayıb.

Sonra BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreeva çıxış edərək dayanıqlı inkişaf sahəsində gənclərin iştirakına yönəlmiş bilik və təcrübə mübadiləsinin önəmindən bəhs edib.

QHGT-nin sədri və COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova Tədqiqat Mərkəzinin Qoşulmama Hərəkatı gənclərinin ideyalarını biliyə çevirərək onların səsinin qlobal arenaya çatdıran bənzərsiz bir platforma olacağına inandığını bildirib.

QHGT-nin Beynəlxalq əlaqələr və Tədqiqat Mərkəzi üzrə koordinatoru Səma Bağırovanın moderatorluğu ilə davam edən tədbirdə QHGT-nin fəaliyyət dövrü ərzində həyata keçirdiyi layihələrini əks etdirən videoçarx nümayiş olunub və Tədqiqat Mərkəzinin meneceri Kamilla Məmmədova tərəfindən Mərkəzin əsas istiqamətləri, o cümlədən illik fəaliyyət planı barədə təqdimat verilib.

Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli COP29 tədbirinin davamı olaraq, QHGT-nin Tədqiqat Mərkəzi cari ildə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi və su resurslarının səmərəli idarə olunması sahələrində innovativ yanaşmaları və onların tətbiqi imkanlarını araşdırır. Tədbir çərçivəsində mərkəzin gələcək fəaliyyət istiqamətləri, planlaşdırılan elmi tədqiqatların prioritet sahələri və əməkdaşlıq imkanları da müzakirə olunub. Qonaqlara QHGT-nin nəzdində fəaliyyət göstərən Tədqiqat Mərkəzinin kitabxanası və müxtəlif resursları ilə bağlı məlumat verilib.

Tədbir zamanı, həmçinin Qoşulmama Hərəkatı Gənclər Təşkilatının rəsmi internet səhifəsinin təqdimatı keçirilib. İnternet səhifəsi QHGT-nin fəaliyyət istiqamətləri ilə bağlı dolğun məlumat bazası olmaqla yanaşı, təşkilat barədə yeniliklərin aydın və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edir.

Paylaş: