29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

İTSDA-nın müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb

26-05-2025
IMG

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) sayı 165-dən 192-yə qədər artırılıb.

Bu barədə Agentliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, özəl tibb müəssisələrinin fəaliyyət göstərdiyi şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, Abşeron, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Şamaxı, Qəbələ, Şəki, Zaqatala, Balakən, Naftalan, Goranboy, Şəmkir, Tovuz, Mingəçevir, Bərdə, Kürdəmir, Sabirabad, İmişli, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Masallı və Lənkəran da var.

Sözügedən tibb müəssisələrinin 70 faizi Bakının, 30 faizi isə digər bölgələrin payına düşür.

Ötən il ərzində göndəriş alan vətəndaşlara özəl tibb müəssisələrində icbari tibbi sığorta ilə 211 min 105 tibbi xidmət göstərilib. Bu xidmətlərin 3 min 394-dən uşaqlar, 207 min 711-dən böyüklər yararlanıb. Sözügedən xidmətlər əsasən invaziv radiologiya, oftalmologiya və ürək-damar cərrahiyyəsi üzrə sahələri əhatə edib.

Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 3 min 315 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutunda istifadə edə bilərlər. Dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir. Göndəriş əsasında özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur. Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər ödənişsiz göstərilir.

Vətəndaş təcili və təxirəsalınmaz hallarda isə icbari tibbi sığorta hesabına göstərilən tibbi xidmətlər üçün özəl tibb müəssisələrindən birinə birbaşa müraciət edə bilər. Bu halda icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər üçün İTSDA Xidmətlər Zərfində müəyyən edilmiş tariflərə uyğun olaraq xəstəxanaya ödəniş edir.

Qeyd edək ki, göndərişin etibarlılıq müddəti 10 iş günüdür. Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri qurumun rəsmi internet səhifəsində (https://its.gov.az/page) yerləşdirilib.

Özəl tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

Paylaş: