İşğaldan azad edilmiş ərazilərin sakinləri üçün peşə kursları təşkil edilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün aktiv məşğulluq proqramlarını davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Böyük Qayıdış Proqramının icrası çərçivəsində Agentlik həmin sakinlərdən artıq 2 minə yaxın şəxsi peşə hazırlığı kurslarına cəlb edib. Onlardan 210 nəfər işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş, digərləri isə yaxın vaxtlarda köçürülməsi nəzərdə tutulan şəxslərdir.
Sakinlər köçürülməmişdən əvvəl Dövlət Məşğulluq Agentliyi tərəfindən onlarla məşğulluq imkanlarının qiymətləndirilməsi üçün görüşlər keçirilir. Həmin görüşlər zamanı onların bir qisminin məşğulluq imkanlarının artırılması üçün peşə kurslarına cəlb edilmələri məqsədəuyğun hesab olunaraq bu yöndə müvafiq işlər aparılır.
Qeyd edək ki, Agentlik hazırda Laçın şəhəri və Laçının Zabux, Sus, Bəylik, Giləbird kəndləri, Şuşa şəhəri və Şuşanın Turşsu qəsəbəsi, Füzuli şəhəri və Füzulinin Dövlətyarlı kəndi, Zəngilan şəhəri və Zəngilanın Ağalı, Cahangirbəyli kəndləri, Cəbrayıl şəhəri və Cəbrayılın Horovlu, Şükürbəyli kəndləri, Kəlbəcər şəhəri, Xocalı şəhəri və Xocalının Malıbəyli kəndi, Xankəndinin Kərkicahan qəsəbəsi, Qubadlının Mahruzlu, Zilanlı kəndləri, Ağdərənin Talış, Suqovuşan, Umudlu kəndləri, Ağdamın Xıdırlı, Kəngərli,Sarıcalı kəndləri, Xocavəndin Xocavənd kəndi sakinləri üçün peşə hazırlığı kursları təşkil edir.
Kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələrinə aid peşələr üzrə təşkil olunan kurslara həmin yaşayış məntəqələrinə artıq köçürülmüş, habelə bu il köçürülməsi nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər müraciət edə bilər. Peşə kurslarını bitirənlərin kurslarda yiyələndikləri peşələr üzrə məşğulluğunun təminatına da dəstək göstərilir.
Peşə hazırlığı kurslarına DOST mərkəzlərinə, məşğulluq filiallarına müraciət edərək və ya sosial.gov.az saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçmək olar.
Peşə hazırlığı kurslarının müddəti 6 aya qədərdir və həmin kurslarda iştirak ödənişsizdir.
FHN-in strukturlarında 28 may –...
Şair Muxtar Qasımzadənin poeziya...
Sabah paytaxtda havanın temperaturu 30...
May ayının müavinət, təqaüd və ünvanlı...
Ümumdünya Halal Standartları Günü ilə...