29 may 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

Beynəlxalq konfransda Avropa radikallaşma fonunda yayılan islamofobik ritorika müzakirə edilib

27-05-2025
IMG

Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans mayın 27-də işini panel və plenar iclaslarla davam etdirib.

Fhnews.az xəbər verir ki, Kordoba Sülh İnstitutunun məsləhətçisi Alistair Davisonun moderatorluğu ilə keçirilən plenar iclasda “Avropa antimüsəlman qanunvericiliyinin institutlaşması: Radikallaşma fonunda yayılan islamofobik ritorika” mövzusu müzakirə olunub.

Strasburq Böyük Məscidinin Prezidenti Said Aalla qeyd edib ki, yaxın keçmişə qədər islamofobiya müsəlmanlara qarşı açıq-aşkar düşmənçilik edən sağçı radikal partiyalara məxsus xüsusiyyət idi. Bu gün isə bu, dərin bir dəyişikliyə məruz qalaraq əvvəllər nifrət dolu ritorikanın təsirinə düşməyən sahələrə də sirayət edib.

Onun sözlərinə görə, artıq islamofobiya bir sıra siyasi şəxslərin çıxışlarında ifadə olunmaqla yanaşı, geniş auditoriyaya malik media vasitələri tərəfindən də yayılır. Bu media qurumları müsəlmanlara qarşı yönəlmiş düşmən ritorikanı “ifadə azadlığı” adı altında tirajlamağa geniş yer ayırırlar.

Beynəlxalq Müsəlman Alimləri İttifaqının vitse-prezidenti Abdelmacid Najar bütün cəhdlərə, beynəlxalq çağırışlara və maarifləndirmə işlərinə baxmayaraq, islamofobiyanın daha da dərinləşdiyinə diqqət çəkib. O qeyd edib ki, bunun nəticələri təkcə müsəlman cəmiyyətləri üçün deyil, ümumilikdə dünya üçün olduqca təhlükəlidir. Əsas problem İslama qarşı qərəzli şəkildə yayılan məlumatsızlıqdır. İslam dininə dair düzgün və obyektiv bilgilərin olmaması, onu tanımayan insanlar arasında qorxu və nifrət yaradır. Bu boşluqdan isə bəzi dairələr məqsədli şəkildə istifadə edərək cəmiyyətdə İslama qarşı mənfi obraz formalaşdırmağa çalışırlar.

“Bununla belə, Avropada sevindirici bir tendensiyanı da müşahidə edirik - İslamı qəbul edənlərin sayı artır. Bu isə, təəssüf ki, bəzi dairələrdə qorxu və aqressiyanın artmasına səbəb olur. Nəticədə, mediada, siyasətdə və hətta qanunvericilikdə islamofobik yanaşmalar öz əksini tapmağa başlayır”, - deyə Abdelmacid Najar bildirib.

COREIS-in vitse-prezidenti, EULEMA-nın sədri Yahya Pallaviçini islamofobiya fenomeninin, sadəcə, dini inanca qarşı yönələn ayrı-seçkilik deyil, daha dərin və sistematik problem olduğunu deyib. İslamofobiyanın cəmiyyətdə qütbləşməni dərinləşdirdiyinə diqqət çəkən Yahya Pallaviçini bildirib ki, bu, mədəni plüralizmə, inanc müxtəlifliyinə qarşı maneə rolunu oynayır. Bu gün Qərb cəmiyyətlərində artan islamofobiya təkcə şəxsi nifrət və ya ayrı-ayrı hadisələrlə məhdudlaşmır. Əksinə, burada bir ideoloji mühərrikin, bir strukturun işlədiyi görünür. Yəni, islamofobiya müəyyən dairələr üçün vasitədir, siyasi maraqlara, kimlik siyasətinə və mədəni üstünlük anlayışına xidmət edən alətdir.

“Bəzi akademik çevrələrdə müəyyən anlayışlar sanki yalnız Avropa mədəniyyətinə aid edilir və bu çərçivənin kənarında qalan hər şey şübhəli, əskik və ya təhlükəli kimi qiymətləndirilir. Belə yanaşmalar isə islamofob baxışlara legitimlik qazandırır. Bu məqamda xüsusi olaraq alimlərin rolunu vurğulamaq istəyirəm. İslamofobiyanın yalnız nəticələrini deyil, onun tarixini, fəlsəfi və ideoloji köklərini də araşdırmaq lazımdır. Alimlərimiz bu mövzuya öz əsərlərində daha çox yer ayırmalı, tədqiqatlar aparmalı və bu sahədə bilik istehsalını gücləndirməlidir. Məlumatlar isə yalnız akademik auditoriyalar üçün deyil, həm də ictimaiyyət üçün əlçatan və maraqlı şəkildə təqdim olunmalıdır”, - deyə Y.Pallaviçini vurğulayıb.

Almaniya Mərkəzi Müsəlmanlar Şurasının sədri Abdasaamad El Yazidi qeyd edib ki, islamofobiya bəziləri tərəfindən yalnız müsəlmanlara qarşı yönəlmiş bir məsələ kimi qəbul edilə bilər. Bəziləri isə bu problemin yalnız qeyri-İslam cəmiyyətlərində yaşayan müsəlmanlara aid olduğunu düşünə bilər. Amma bu hadisə bundan daha geniş və çox dərin xarakter daşıyır. “İslamofobiya Qərb ölkələrinin uzun illər təbliğ etdiyi bir sıra dəyərlərə – dözümlülük, dinlərə hörmət, vətəndaşlıq hüquqları kimi dəyərlərə qarşı yönəlmiş bir hücuma çevrilməkdədir. Bu, cəmiyyətləri bir-birinə qarşı duran, parçalanmış qruplara bölmək və bir-biri ilə toqquşduran hala gətirmək təhlükəsi daşıyır. İslamofobiya, sadəcə, nifrət dolu ritorikadan çıxaraq, zorakılığa, qətlə və qan tökülməsinə qədər aparan ciddi bir problemdir”, - deyə Almaniya Mərkəzi Müsəlmanlar Şurasının sədri vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov isə “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın Azərbaycan tərəfindən keçirilməsini olduqca vacib addım olaraq qiymətləndirərək deyib: “Azərbaycan tarix boyu müxtəlif dinlərin, mədəniyyətlərin, dillərin və etnik qrupların sülh içində birgə yaşadığı ölkə olub”.

A.Şirinov qeyd edib ki, bu gün dünyanın bir çox yerində İslama qarşı artan nifrət və ayrı-seçkilik tendensiyaları narahatedici vəziyyətdədir. İslamofobiyanın kökləri qədimlərə gedib çıxır. Tarix boyu, xüsusilə Avropada İslamla bağlı formalaşan təsəvvürlər, bir çox hallarda qərəzli şəkildə təhrif olunub. Orta əsrlərdə Avropa universitetlərində və dini məktəblərində İslamla bağlı yazılan əsərlər, təəssüf ki, bu böyük dinin mahiyyətini əks etdirməkdən çox uzaq idi. Bu yazılar bir çox hallarda dini və mədəni rəqabətdən doğan qorxu və təbliğatla yazılıb. Məhəmməd Peyğəmbərə qarşı yazılan təhqiramiz ifadələr, müsəlmanların barbar və geridə qalmış kimi təqdim olunması yüz illərlə ictimai şüuru formalaşdıran əsas mənbələrə çevrilib.

Plenar iclas mövzu ətrafında müzakirələrlə davam etdirilib.

Paylaş: