Yer kürəsində yaşamış ən böyük qədim köpəkbalıqları “hər şey yeyən meqayırtıcılar” olub
Beynəlxalq paleokimyaçılar qrupu Yer kürəsi tarixində yaşamış ən böyük yırtıcı balıqlar olan meqalodon köpəkbalıqlarının dişlərinin izotop tərkibini araşdıraraq onların yalnız iri balinalarla deyil, həm də faktiki olaraq istənilən ölçülü canlı ilə qidalandıqlarına dair sübutlar aşkarlayıb.
Fhnews.az xəbər verir ki, bu barədə Almaniyanın Frankfurt Universitetinin mətbuat xidməti məlumat yayıb.
“Bizim apardığımız analiz meqalodonların yalnız iri dəniz məməlilərini ovladığına dair köhnə nəzəriyyələri şübhə altına alır. Görünür, bu köpəkbalıqları hər şey yeyən yırtıcılar olub, onlar yerli ekoloji şəraitə çevik şəkildə uyğunlaşaraq lazım gəldikdə qidalanma zəncirinin aşağı səviyyələrindəki canlılarla da qidalanıblar”, – deyə Frankfurt Universitetinin elmi əməkdaşı Ceremi Makkormik bildirib.
Bu nəticəyə alimlər miosen dövrünün əvvəllərində, hazırkı buzlaşma dövründən öncəki dövrdə dəniz ekosistemlərinin quruluşunu öyrənməyə həsr olunmuş genişmiqyaslı layihə çərçivəsində gəliblər. Bu məqsədlə tədqiqatçılar həmin dövrə aid çox sayda daşlaşmış diş və sümük nümunələri toplayaraq sinkin iki izotopunun, yəni sink-64 və sink-66-nın miqdarını ölçüblər.
Alimlərin bu iki izotopa marağı onunla izah olunur ki, onurğalıların orqanizmi sink-66 izotopunu sink-64-ə nisbətən daha az mənimsəyir. Sink-64 isə əsasən qida vasitəsilə bədənə daxil olur. Bu xüsusiyyət izotop nisbətindən istifadə etməklə canlının qida zəncirindəki yerini müəyyən etməyə imkan verir, fosil qalıqlarda sink-66-nın miqdarı nə qədər azdırsa, həmin canlı qida zəncirində bir o qədər yuxarıda, yəni digər yırtıcılarla qidalanan meqayırtıcılar sırasında yerləşir.
Bu səbəbdən alimlər gözləyirdilər ki, iri dəniz məməliləri olan ətlə qidalanan meqalodonların sink-66 və sink-64 nisbəti həmişə aşağı olacaq. Lakin tədqiqatlar göstərib ki, bu göstərici meqalodonlar arasında dəyişkən olub. Məsələn, Bavariyanın Passau şəhəri yaxınlığında tapılan qədim köpəkbalıqları əsasən qida zəncirinin aşağı pilləsində duran kiçik canlılarla qidalanıblar. Əksinə, Ziqmaringen (Cənubi Almaniya) ətrafında tapılan meqalodonlar iri canlılara ov ediblər.
Paleokimyaçıların fikrincə, bu fakt meqalodonların yalnız iri məməliləri ovlayan ixtisaslaşmış yırtıcılar deyil, hər şeylə qidalanan meqayırtıcılar olduğunu göstərir. Bu nəticə meqalodonların buzlaşma dövrünün əvvəlində necə və nə üçün yoxa çıxdığı ilə bağlı mövcud nəzəriyyələri şübhə altına alır. Həmçinin, alimlər hesab edirlər ki, onların yoxa çıxmasında müasir ağ köpəkbalıqlarının əcdadları (onlar da hər şeylə qidalanan yırtıcılardır) mühüm rol oynamış ola bilər.
Meqalodonlar (Otodus megalodon) Yer kürəsində bütün zamanların ən iri dəniz yırtıcılarından biri hesab olunan qədim köpəkbalığı növüdür. Onların uzunluğu təxminən 20 metrə, çəkisi isə 30-40 tonadək çatıb. Paleontoloqların fikirlərinə görə, meqalodonlar təxminən 3,6 milyon il əvvəl, buzlaşma dövrünün əvvəlində nəsli kəsilmiş canlılardır.
İstanbul Hava Limanının 4-cü uçuş-enmə...
ABŞ-da fırtına ciddi problemlər yaradıb...
Çində Dragon Boat Festivalı...
Ümumdünya Meteorologiya Təşkilatı: Yaxın...
Las Vegasda dünyanın ən böyük LED kürəsi...