29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

Ümumdünya Halal Standartları Günü ilə əlaqədar sahibkarlarla görüş keçirilib

27-05-2025
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində 17 may — Ümumdünya Halal Standartları Günü ilə əlaqədar heyvan mənşəli məhsulların emalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTI) sədr müavini Elxan Əhmədov sahibkarlıq subyektlərinin nümayəndələrinə təklif olunan xidmətlərin sahibkarlara qazandırdığı üstünlüklərdən bəhs edib.

AQTİ sədrinin müşaviri Hüseyn Məmmədov sahibkarlara təhlükəsiz və beynəlxalq standartlara uyğun qida istehsalı üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra AQTİ tərəfindən təklif olunan xidmətlərlə bağlı təqdimat edilib. Bildirilib ki, AQTİ tərəfindən 4 istiqamət üzrə “HALAL” uyğunluq sertifikatı təklif olunur. Sertifikatın etibatlılıq müddəti 3 ildir və beynəlxalq səviyyədə tanınır.

Qeyd edilib ki, müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir və bu, istehlakçı inamını artırmaqla yanaşı, satış imkanlarının artması və ixrac potensialının yaranması ilə nəticələnir. HACCP sisteminin tətbiqi qanunla tənzimlənir və müəssisələrdə həmin sistemin tətbiq olunmaması ciddi nöqsan kimi qəbul edilir.

Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Paylaş: