29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

COVID-19: Fransada dövriyyəsini dayandırmayıb

27-05-2025
IMG

Asiyada yayıldıqdan sonra NB.1.8.1 adlı yeni COVID-19 ştammı Fransaya da çatıb.

Fhnews.az xəbər verir ki, Fransanın müxtəlif departamentləri arasında yoluxma hallarında nəzərəçarpacaq fərqlər müşahidə olunur. Bəzi bölgələrdə yoluxma səviyyəsi yüksəkdir. Əhalinin sıxlığı, hərəkətliliyi, sosial davranışlar və yerli səhiyyə sisteminin vəziyyəti xəstəliyin yayılmasının əsas səbəbləri kimi göstərilir.

Ölkənin Böyük Şərq adlanan bölgəsi və sərhədyanı ərazilər sıx məskunlaşma və ticarət səbəbindən yoluxma hallarına daha çox məruz qalır. Eyni zamanda, sosial toplantılar, şənliklər və digər kütləvi tədbirlərin də virusun yayılmasına səbəb olduğu qeyd olunur. Xəstəxana məlumatlarına əsasən, yoluxma göstəriciləri əsasən 65 və daha yuxarı yaşda olan insanlar arasında artıb.

Səhiyyə orqanları əhaliyə qapalı ictimai yerlərdə maskadan istifadə, əllərin tez-tez yuyulması, məkanların tez-tez havalandırılması və simptomlar müşahidə edildikdə, həmçinin test nəticəsi müsbət olduqda izolyasiya tədbirlərinə əməl olunmasını tövsiyə edirlər.

Qeyd olunur ki, NB.1.8.1 variantı mart ayından etibarən Asiyada yayılmağa başlayıb və artıq Fransa da daxil olmaqla bir sıra Avropa ölkələrində aşkarlanıb. Parisdəki “Lariboisière” xəstəxanasının reanimasiya şöbəsinin müdiri Brüno Magerban bildirib ki, COVID-19 hələ də Fransada dövr edir və dövriyyəsini dayandırmayıb. Onun sözlərinə görə, virusun yeni mutantları müntəzəm olaraq ortaya çıxır və NB.1.8.1 də həmin mutantlardan yalnız biridir.

Paylaş: