29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

Panel iclas: “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə”

27-05-2025
IMG

Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans ikinci günündə işini panel və plenar iclaslarla davam etdirib.

Fhnews.az xəbər verir ki, Maore Komitəsinin baş katibi Səid Məhəmməd Səid Əhmədin moderatorluğu ilə keçirilən panel iclasda “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə” mövzusu müzakirə olunub.

Əl-Həkimə Sülh Araşdırmaları Mərkəzinin direktoru, Müsəlman Ağsaqqalları Şurasının İcraiyyə Ofisinin üzvü Samir Boudinar müasir dövrdə, xüsusilə süni intellekt və texnologiyanın inkişafı ilə birlikdə islamofobiyanın daha təhlükəli bir hal aldığını deyib. O qeyd edib ki, alqoritmlər vasitəsilə yayılan yanlış məlumatlar, sosial şəbəkələrdə sürətlə yayılan stereotiplər, müsəlmanlara qarşı mənfi imicin geniş yayılmasına səbəb olur. Bu isə yalnız bir dini icmaya deyil, ümumilikdə cəmiyyətin həmrəyliyinə zərbə vurur. Bəzi siyasi qüvvələr islamofob ritorikanı alətə çevirərək, ictimai narazılıqları və sosial problemləri müsəlmanların üzərinə yükləyir. Bu manipulyativ yanaşma, həm ictimai ədaləti, həm də vətəndaş harmoniyasını sarsıdır.

Samir Boudinarın sözlərinə görə, Qərbdə yaşayan müsəlman gənclər, bəzən öz kimlikləri səbəbindən ayrı-seçkilik, təzyiq və təcrid ilə üzləşirlər. Amma bu vəziyyət, eyni zamanda, onların məsuliyyətini və rolunu daha da artırır. Onlar həm öz hekayələrini danışmalı, həm də İslamın sülhsevər mahiyyətini, mədəni dəyərlərini daha geniş auditoriyalara çatdırmalıdırlar.

Beynəlxalq Din və Diplomatiya Mərkəzinin prezidenti və baş icraçı direktoru Martine Miller vurğulayıb ki, islamofobiya təkcə dini kimliyə qarşı yönəlmiş qərəzli münasibət deyil, o, həm də gənc nəslin psixologiyasına, cəmiyyətə inteqrasiyasına və gələcəyinə birbaşa təsir göstərən ciddi sosial problemdir. Gənclər bu nifrət atmosferində böyüyür, bəzən öz kimliklərindən utanmaq, gizlətmək, ya da cəmiyyətin qəbul etdiyi “uyğun” forma almaq məcburiyyətində qalırlar.

İcraçı direktorun sözlərinə görə, belə gənclər yalnız zərərçəkən tərəf deyil, həm də dəyişiklik yaradan olmalıdırlar. Onlar öz icmalarının səsi olmalı, kimliklərini qorumaqla yanaşı, ictimai müzakirələrdə fəal iştirak etməli, yeni ideyalar və təşəbbüslərlə çıxış etməlidirlər.

Amerika Müsəlman Təşkilatları Şurasının Baş katibi Oussama Jammal islamofobiyanın ən çox cəhalətin mövcud olduğu yerlərdə kök saldığını deyib. O qeyd edib ki, bəzi dairələr bu cəhaləti qəsdən qidalandırır, yanlış məlumatlarla kütlələri çaşdırır və gəncləri təhlükəli ritorikalarla həssas hala gətirirlər.

“İslamofobiyaya məruz qalan gənclər susmamalıdırlar. Əksinə, bu sahədə mövqe tutmalı, parlaq gələcəyin qurucuları kimi çıxış etməlidirlər. Sosial media, veb-saytlar, videolar, bloqlar və digər platformalar vasitəsilə doğru məlumatları yaymaq, islamofobiyaya qarşı səsimizi ucaltmaq və stereotipləri dağıtmaq mümkündür. Ancaq bunun üçün gəncləri lazımi bilik və alətlərlə təmin etməliyik. Məktəblər, universitetlər, təhsil ocaqları bu işdə vacib rol oynayır. Gənclərə tənqidi düşünmə bacarığı, multikultural anlayış və empatiya hissi aşılanmalıdır. Onlara yalnız tarixi yox, eyni zamanda, bugünkü dünyada necə davranmalı olduqlarını da öyrətmək lazımdır”, - deyə Amerika Müsəlman Təşkilatları Şurasının Baş katibi əlavə edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi Lalə Xəlilzadə islamofobiya ilə mübarizədə öz şəxsi təcrübəsini bölüşərək, əlavə edib: “Ermənilərin Qarabağda azərbaycanlılara məxsus məscidləri təhqiramiz şəkildə dağıtdığı və hətta heyvandarlıq üçün istifadə etdiyi faktını sübutlarla sosial platformaların birində paylaşdım. Bu yazıya görə bəzi xarici sosial media istifadəçiləri tərəfindən mənə təzyiqlər oldu, həmin hissəni silmək üçün müraciətlər edildi. Amma mən geri çəkilmədim. Çünki bu faktlar islamofobiyanın təkcə fərdi deyil, həm də institusional formada mövcud olduğunu sübut edir”.

L.Xəlilzadə qeyd edib ki, islamofobiya ilə mübarizə gənclərin əlindədir. Bu nifrətə qarşı çıxmaq təkcə müsəlman gənclərin yox, bütün ədalətli insanların borcudur.

Savadlılıq və Təhsil İnstitutunun rəhbəri, Müsəlman Gənclər Forumunun icraçı direktoru Mohamad Antoni qeyd edib ki, gənclər bir araya gələrək stereotipləri dağıda, birgə təşəbbüslər, maarifləndirici kampaniyalar, layihələr və platformalar vasitəsilə sülh, qarşılıqlı hörmət və birgəyaşayış mesajını gücləndirə bilərlər.

“Bu əməkdaşlıq sadəcə sözlərlə yox, təsirli fəaliyyətlərlə müşayiət olunmalıdır. Biz Müsəlman Gənclər Forumu olaraq bu istiqamətdə müxtəlif ölkələrdə təlimlər, tədqiqat layihələri və rəqəmsal kampaniyalar həyata keçiririk. Çünki biz inanırıq ki, maariflənmiş və birləşmiş gənclik islamofobiyanın qarşısında dayana biləcək ən güclü qüvvədir”, - deyə Mohamad Antoni əlavə edib.

Emerson Kollecinin Marketinq və Kommunikasiya fakültəsinin magistr proqramı direktoru Carol Ann Ferrara isə hazırkı Fransa hökumətinin qəbul etdiyi bəzi qərarların, cəmiyyətin mühüm hissəsi olan fransız müsəlmanlarının həyatını çətinləşdirdiyinə diqqət çəkib. O bildirib ki, “Respublika prinsipləri” adı altında tətbiq olunan bu siyasət nəticəsində müsəlman məktəblərinə dövlət dəstəyi dayandırılıb, müsəlman təhsil müəssisələri zəiflədilib və bu da bərabərhüquqlu cəmiyyət anlayışı üçün təhlükə yaradıb.

Carol Ann Ferraranın sözlərinə görə, bu kimi tədbirlər siyasi məqsədlərə xidmət edir, müxtəlifliyi zənginlik yox, təhlükə kimi təqdim edir. İslamofobiyanın açıq və sistemli formaları hələ də bir çox ölkələrdə hökm sürür. Bu, sadəcə müsəlmanların problemi deyil, müasir cəmiyyətlərin ədalət prinsiplərinə sadiq qalmaq imtahanıdır.

Panel iclas müzakirələrlə davam edib.

Paylaş: