70 yaşın astanasında 70 illik ömrün hesabatı....
Deyirlər, qələmini nəsr sahəsində sınayanlar özlərinə çay daşından, şer yazanlar isə mərmərdən abidə ucaldırlar. Amma bu gün meydan oxucu düşüncəsini əsir etmiş publisistikanındır.Artıq sınanılmış bir həqiqətdir ki, cəmiyyət həyatının mizan-tərəzisi pozulanda,qlobal dəyişmələr başlayanda publisistika həmişə ön mövqeyə keçir.
Ömrünün 50 ildən çoxunu qələmin müqəddəs vəzifəsinə xidmət edən, 50 il bir peşənin əsgəri olan əməkdar jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, yazıçı-publisist, Prezident mükafatçısı Hüseyn Əsgərov da publisistikası ilə hər zaman seçilən imzalardan olub. Maraqlı və keşməkeşli ömür yoluna, əmək fəaliyyətinə sahib olan Hüseyn Əsgərov "Heraklın 13-cü qoçaqlığı" (2001-ci il), "Aylı bir gecə" (2014-cü il), “Ad günü”, “Odla su arasında” (2014), "Naxçıvan səhiyyəsi inkişaf və tərəqqi yollarında" (2015-ci il), "Biz necə mütaliə edirik" (2017-ci il), "Gülüşlərin cingildəsin saz kimi" (2019-ci il), “Mirzə Cəlilin satira desantları Naxçıvanda” (2019), ”Həyat cəsurları sevir” (2020) və bir çox kitabları ilə geniş oxucu auiditoriyasına yaxşı tanışdır. O, milli mətbuatımızın parlaq nümunəsi olan "Molla Nəsrəddin" jurnalı haqqında əhatəli tədqiqatı ilə elmi ictimaiyyət arasında tanınır.
Həmkarımızın “Bu da bir ömürdü...” kitabı isə 70 yaşın astanasında 70 illik ömrün hesabatıdır. Yeni nəşrin ön sözündə “Ömür axıb gedən zamanın bizə düşən kiçik bir hissəsi, çətin,əzablı yollardan, xoş və gərgin günlərin təəssüratlarından, xatirələr və arzularla qovuşan anlardan birləşmiş vaxt ölçüsüdür. Digər canlılardan fərqli olaraq insan həyatın sonsuz olmadığını dərk edir. Ona görə də mümkün olduqca ömrünü uzatmağa,əbədiyyətə qovuşmağa,özü haqqında xoş xatirələr qoymağa can atır. Və o zaman ki, arzulardan daha çox xatirələrdən danışır,deməli ahıl çağların mehi vurur üzünə. O zaman ömrünün ötən dövründə yaşadığı günləri, ay və illəri həyat salnaməsi kimi vərəqləyir”,-deyən yazar öz təbirincə desək, ahıl çağlarının mehindən xumarlanaraq yaşanmış illərin xoş anlarını,xatirələrini,yaradıcılıq uğurlarını yeni kitabında bir araya gətirib.
Azərbaycan MEA-nın Prezidenti İsa Həbibbəylinin kitaba yazdığı ön söz isə sanki jurnalist həmkarımızın fəaliyyətinin möhürüdür : “Mən Hüseyn Əsgərovu professional bir jurnalist kimi tanıyıram.Onun Azərbaycan mətbuatında öz imzası və yeri var. Müstəqillik dövrü Azərbaycan mətbuatının, jurnalistikasının dəyərli simalarından biridir. Həm televiziyada, həm də mətbuatda Hüseyn Əsgərov böyük işlər görüb.”
Uzun illər Naxçıvan MR-nın mühüm dövlət strukturlarında çalışan, bu qurumlarda da sevdiyi peşəsinin ləyaqətli təmçilçisi olan Hüseyn Əsgərov hazırda MR-nın Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışır, yenə də öz peşəsinin sadiq əsgəri kimi fəaliyyət göstərir.
Öz təbirincə desək, ömür adlı qatarda yol qət edərək,həyat adlı kitabı vərəq-vərəq oxuyaraq ömür yolunun hər dayanacağında şərəfli imzasını qoymuş yazar bu il 70 yaşının müdrik zirvəsinə doğru yol almaqdadır. Yenə yazır, yaradır,yenə sadiq dostu olan qələmini bıraxmır, sarkazmlı, bəzən də yumor dolu fikirləriylə fərqli yazılara imza atır.
Biz də ömür qatarında aram-aram yoluna davam edən Hüseyn Əsgərovu təbrik edir və onun hələlik sonuncu olan kitabındakı diqqət çəkən bu fikri ilə yazımıza nöqtə qoymaq istəyirik : “70 yaşın astanasında həyatda gəldiyim qənaət belədir: Sevgidən bir dünya qurun! Bu, bizim öz əlimizdədir.Bir təbəssümlə ən qatı düşmənçiliyi də dostluğa çevrimək olar. Səmimiyyətin, saf niyyətin aşmadığı yoxuş, girmədiyi ürək yoxdur.Bəzən sevməyi öyrənməmiş nifrət etməyi öyrənirik. Çünkü sevmək çətin,nifrət etmək isə asandır, bir içim su kimi...Sevgi ilə dolub-daşmaq nə gözəldir. Qəlbində nifrətə yer qoymamaq nə gözəldir. Bağışlamaq isə hamısından gözəldir. Məncə,həyatın mənası da məhz bundadır.”
Din xadimlərindən ibarət nümayəndə...
Leysan olacaq, dolu düşəcək, çaylardan...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Naxçıvanda “Uşaqların rəngli dünyası”...
Süd: Hamıya lazım olan qida...