“Yaradıcı Azərbaycan” mədəni və yaradıcı sənayelərə dair xüsusi təqdimat keçirilib
Martın 10-da Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Yaradıcı Azərbaycan" mədəni və yaradıcı sənayelərə (MYS) dair xüsusi təqdimat keçirilib.
Fhnews.az xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli ölkəmizdə mədəni və yaradıcı sənayelərə ciddi önəm verildiyini deyib. O, bu sahənin inkişafı üçün müxtəlif təşəbbüslərin həyata keçirildiyini və dövlətin bu istiqamətdə mühüm addımlar atdığını vurğulayıb. Nazir diqqətə çatdırıb ki, mədəni və yaradıcı sənaye sahələri UNEC mütəxəssisləri ilə birgə təsnifatlaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib.
Mədəniyyət Nazirliyi tərəfindən qrant müsabiqəsinin təşkil edildiyini deyən nazir bildirib ki, bu layihələr üçün 300 min manat vəsait ayrılıb. O, həmçinin paytaxtda “Yaradıcı mərkəz”in təsis edildiyini vurğulayaraq, bu mərkəzin yaradıcı şəxslərin və startapların dəstəklənməsi üçün mühüm platforma olacağını qeyd edib.
Adil Kərimli çıxışında mədəni və yaradıcı sənayelərin inkişafında rəqəmsallaşmanın mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu sahədə rəqəmsal texnologiyaların tətbiqi yaradıcılıq imkanlarını genişləndirməklə yanaşı, mədəni irsin qorunması və qlobal səviyyədə tanıdılmasına da töhfə verir.
Nazir qeyd edib ki, rəqəmsal platformaların yaradılması, mədəni məhsulların onlayn təqdimatı və yeni texnoloji həllərin tətbiqi bu sahənin dayanıqlı inkişafına xidmət edir. Mədəniyyət Nazirliyi bu istiqamətdə bir sıra layihələr həyata keçirir.
Adil Kərimli, həmçinin “Yaradıcı Azərbaycan” layihəsi ilə bağlı ali təhsil müəssisələrinə və biznes subyektlərinə müraciət ünvanlayıb. O, "Yaradıcı Azərbaycan” layihəsinin rezidentləri sırasında tələbələrində olduğunu deyib: "Onların yaradıcı potensialının dəyərləndirilməsində ali təhsil müəssisələrinin xüsusi fəallığı lazımdır. Eləcə də bu istiqamətdə biznes subyektlərindən də müəyyən addım gözləyirik”.
Tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Yaradıcılığı həyat tərzimizə çevirək” mövzusunda məruzəsi dinlənilib. Yaradıcı sənayenin əhəmiyyəti haqqında danışan K.İmanov bildirib ki, müasir iqtisadiyyatda yaradıcı sənayelərin rolu getdikcə artır və bu sahənin inkişafı innovasiya, mədəni irs və əqli mülkiyyətin effektiv qorunması ilə sıx bağlıdır.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında Ağdam şəhər 1 nömrəli orta məktəbində STEAM Azərbaycan layihəsi həyata keçiriləcəyi barədə məlumat verib. O bildirib ki, layihə Laçın şəhərində, Zabuxda və Şuşada orta məktəblərdə təşkil ediləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, ölkə iqtisadiyyatında mədəni və yaradıcı sənayelərin dəstəklənməsi ölkənin dayanıqlı inkişafına mühüm töhfə verə bilər. Onun sözlərinə görə, xüsusilə kino, moda, dizayn, oyun sənayesi və mədəni startaplar kimi sahələrdə innovativ yanaşmaların tətbiqi bu sektorun potensialını daha səmərəli reallaşdırmağa imkan yaradır.
Orxan Məmmədov KOBİA-nın yaradıcı sahibkarlıq subyektlərinin inkişafına yönəlmiş layihələrin qrant maliyyələşdirilməsini həyata keçirdiyini deyib: “Qaydaya uyğun olaraq hər bir layihə üzrə maliyyələşdirmə məbləği 20 min manatadək müəyyən edilmişdir ki, bu da innovativ və yaradıcı həllərin tətbiqini stimullaşdırmaqla yanaşı, mədəni və sənətyönümlü fəaliyyət göstərən sahibkarların bazara inteqrasiyasına da dəstək hesab edilə bilər".
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında yaradıcı sənayelərin inkişafının iqtisadi dəyərin formalaşmasına, məşğulluğun artmasına və innovativ yanaşmaların tətbiqinə mühüm töhfə verdiyini bildirib.
O qeyd edib ki, müasir dövrdə dizayn, video istehsalı, planlaşdırma, meteorologiya və digər yaradıcı sahələr qlobal bazarda getdikcə daha çox əhəmiyyət qazanır. Bu sahələr qadınların məşğulluğunun artmasına, yeni biznes imkanlarının yaranmasına və yaradıcı mühitin genişlənməsinə şərait yaradır.
Nazir müavini vurğulayıb ki, infrastrukturun inkişafı, yeni texnologiyaların tətbiqi və innovativ metodların istifadəsi yaradıcı sənayelərin daha da güclənməsinə imkan verir.
Daha sonra “İnvest to Create” platformasının idarəedici partnyoru texnoloji innovasiya üzrə israilli mütəxəssis Tal Katran və “Yaradıcı mərkəz”in İcraçı direktoru Lalə Əhmədova, (İ2C) “İnvest2Create” investisiya evi barəsində təqdimatla çıxış ediblər.
Qeyd edək ki, “Yaradıcı Azərbaycan” Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən, mədəni və yaradıcı sənayelərin (MYS) inkişafına yönəlmiş bir təşəbbüsdür.
Layihənin əsas məqsədi Azərbaycanda MYS-lərin potensialını cəmiyyətə tanıtmaq və onu qlobal bazara çıxarmaqdır. Bura kino, animasiya, oyun texnologiyaları (Gametech), moda, musiqi, mədəniyyət sahəsində çalışan startaplar (Cultech) və digər yaradıcı istiqamətlər daxildir.
MYS-lərin inkişafı ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən bir sıra mühüm fəaliyyətlər həyata keçirilib, qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi baş tutub, "Mədəniyyət və yaradıcı sənayelər" üzrə xüsusi Təqaüd Proqramına start verilib. Həmçinin ötən il Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) açılışı olub.
“Ekspo 2025”də Azərbaycan milli...
Bu gün Yel çərşənbəsidir...
“Yaradıcı Azərbaycan” mədəni və yaradıcı...
Parisdə ICESCO və Azərbaycan...
Heydər Əliyev Fondunun vitse-prezidenti...