12 mart 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Ermənistanın və onun havadarlarının cinayətlərə haqq qazandıran cəhdlərini sərt şəkildə qınayırıq - BƏYANAT

11-03-2025
IMG

Məlum olduğu kimi, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətməkdə şübhəli bilinən bir qrup şəxs hazırda Azərbaycanda ədalət məhkəməsi qarşısına çıxarılıblar. Ermənistan dövlətinin Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar müharibə zamanı törədilmiş bu cinayətlər nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib, yüz minlərlə soydaşımız etnik təmizləməyə məruz qalıb, minlərlə azərbaycanlıya işgəncə verilib, məcburi itkin düşüb, ictimai və şəxsi mülkiyyətə böyük məbləğdə zərər vurulub.

Fhnews.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda, həmçinin qeyd olunub: “İnsan hüquqları və humanitar hüququn bu miqyasda pozulması və törədilən misilsiz ədalətsizlik şübhəsiz ki, sülh və barışığın əldə edilməsinə ən böyük maneələrdən biri olub. Bu mənada azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə, eləcə də Xocalı, Qaradağlı, Ağdaban və digər yerlərdə törədilmiş kütləvi qətliamlara görə məsuliyyət daşıyanların bəzilərinin ədalət məhkəməsinin qarşısına çıxarılması haqq-ədalətin öz yerini tutması və davamlı sülhün əldə olunmasına böyük töhfədir.

Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistan Respublikası hökuməti və ölkənin aparıcı siyasi qüvvələri bu haqq işinə dəstək vermək və məhkəmə prosesinə yardım etmək əvəzinə, faktiki olaraq törədilmiş cinayətlərə haqq qazandıran və cəzasızlığı təşviq edən cəhdlər edirlər. Bu məsələdə bir sıra Avropa dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatlarda işləyən qeyri-dürüst funksionerlər və digər siyasi dairələr də fəallıq göstərirlər.

Ermənistan tərəfindən törədilən etnik təmizləmə, qətliamlar, mədəni irsin dağıdılması, öz evlərinə qayıdışa maneə törədilməsi kimi insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkən bir icma olaraq, biz Ermənistanın və onun havadarlarının bu cinayətlərə haqq qazandıran, ədalət məhkəməsinin müstəqilliyinə xələl gətirən, cəzasızlığı təşviq edən cəhdlərini sərt şəkildə qınayır və onlara son verilməsini tələb edirik”.

Paylaş: