Mütəxəssis: Tələsik qida qəbulu həzm prosesini poza bilər
Həzm sistemi ilə əlaqəli ən çox rast gəlinən simptomlara mədə narahatlığı və ağrı, daimi doluluq hissi, şişkinlik, qarın ağrısı, qəbizlik və ishal daxildir. Bəzən mədə yanması və bulantı da bu problemlərin əlaməti ola bilər. Bu simptomlar, adətən, qeyri-sağlam qidalanma, sürətli yemək, stres və bəzən də həssaslıq səbəbindən yaranır.
Fhnews.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, tələsik qida qəbulu, yemək zamanı televizora və ya telefona baxmaq, danışmaq həzm prosesini poza bilər: “Yemək zamanı əsas fikri qidaya vermək və bundan zövq almaq lazımdır. Bu zaman həzm fermentləri daha yaxşı və tez ifraz olunur. Sağlam və düzgün qidalanma isə bu cür problemlərin qarşısını almaqda mühüm rol oynayır. Məsələn, zəngin lifli qidalar – təzə meyvə, tərəvəz və tam taxıllı məhsullar bağırsaq hərəkətlərini tənzimləyərək qəbizliyi aradan qaldırmağa kömək edir. Eyni zamanda, balanslı bir menyu mədənin həddindən artıq yüklənməsinin qarşısını alır və həzm prosesini daha səmərəli edir”.
Mütəxəssis-ekspert qeyd edib ki, qarışıq və fasiləsiz qidalanma həzm fermentlərinin limitini sonlandıra bilir və orqanın istirahətinə, öz işinin bərpasına imkan vermir: “Məsələn, çəkilmiş ətdən hazırlanan qidalarla soyuq qazlı içkilərin istifadəsi, yeməkdən çox çörəyin qəbulu məhz şişkinlik və köp kimi əlamətlərin əsas səbəbidir. Bəzi qidaların qəbulundan sonra mədədə qıcqırma, yanma hissi artan turşuluq səviyyəsinə bağlı ola bilir. Xüsusilə qəhvə, acılı qidalar, süd, bal, soğan, sarımsaq mədə üçün provakativ qidalar hesab olunur”.
E.Məmmədov sonda bildirib ki, əgər həzm şikayətləri sağlam qidalanma yolu ilə düzəlmirsə, mütləq həkimə müraciət etmək və müayinə olunmaq lazımdır.
Paytaxtda "Top Qapı" restoranında ciddi...
Kistoz-fibroz xəstəliyinin diaqnostikası...
Naxçıvan şəhərində inşa olunan Regional...
Dumanlı hava şəraiti davam edir -...
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin...