11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Mütəxəssis oruc tutmağın insan sağlamlığına təsirlərindən danışıb

10-03-2025
IMG

Uzun müddət aclığa səbəb olan oruc tutmaq, kalori qəbulunu məhdudlaşdırır, maddələr mübadiləsini və bədəndəki yağların parçalanma prosesini sürətləndirir. Məhz bu səbəbdən tibb ictimaiyyəti tərəfindən də oruc insan sağlamlığı üçün çox faydalı hesab edilir. Bundan əlavə, oruc tutmaq orqanizmin uzun müddət ac qalması nəticəsində insulin müqavimətini azaltmağa və qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edir. Azaldılan insulin müqaviməti də qlükozanın qan dövranından hüceyrələrə daha səmərəli şəkildə daşınmasına imkan verir.

Eyni zamanda, qanda yağ, xolesterin və digər növ lipidlərin azalmasını təmin edir. Oruc tutmaq oksidləşdirici stresi azaldır və immuniteti gücləndirir, detoksifikasiya effekti ilə zərərli toksinlərin atılmasını dəstəkləyir, qaraciyərin funksiyasını yaxşılaşdırır, mədə və bağırsaq sistemini rahatlaşdırır, dərini canlandırır, ürək-qan damar sisteminə müsbət təsir göstərir, böyümə hormonu ifrazını artırır. Oruc insanın iradə, səbir və empatiya kimi mənəvi qabiliyyətlərini artırır, psixoloji rahatlığı təmin edir.

Fhnews.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Mütəxəssis oruc tutmağın məsləhət görülmədiyi risk qrupları barədə məlumat verib: “Ramazan ayında oruc tutmağın insan sağlamlığına müsbət təsirləri olsa da, bəzi hallarda isə tam əksinə, oruc tutmaq insan sağlamlığına mənfi təsir göstərə bilər.

İnsulin və ya qan şəkərini azaldan dərmanlardan istifadə edən diabet xəstələri, şiddətli və kəskin dönəmdə olan ürək-damar xəstəliyindən əziyyət çəkənlər, hamilə və süd verən qadınlar (xüsusilə ilk 3 və ya son 3 ayda), qan şəkəri tez-tez normadan aşağı düşənlər, mədə və ya onikibarmaq bağırsaqda xorası, xroniki qaraciyər və xroniki böyrək xəstəlikləri, çətin və ya ciddi xəstəlik səbəbindən əməliyyat keçirən və müntəzəm qidalanması vacib olan, aktiv yoluxucu bir xəstəliyi olanlar həkimlərinin icazəsi olmadan oruc tutmamalıdırlar”.

İftara qədər keyfiyyətli bir gün üçün adekvat və balanslı imsak yeməyinin çox vacib olduğuna diqqət çəkən terapevt qeyd edib ki, imsak günün vacib yeməyi olan səhər yeməyini əvəz etməlidir: “İmsaka qalxmamaq və ya yalnız su içmək orucluqda şəkərin daha tez düşməsinə səbəb ola bilər. Eyni zamanda, günə hazırlıqsız başlamanıza və gün ərzində ləng və motivasiyasız olmanıza şərait yaradır. Bir ay bu şəkildə yemək sağlamlıq üçün də təhlükə yaradacaq.

İmsak üçün süd, qatıq, pendir, yumurta, çiy tərəvəz və meyvələrdən ibarət yüngül səhər yeməyi və ya şorba, zeytun yağlı ilə hazırlanmış yeməklər, qatıq və salat seçə bilərsiniz. Gün ərzində aclıq hissini gecikdirmək üçün mədənin boşalma müddətini uzadan lobya, noxud, mərcimək, bulqur plov kimi lifli kompleks karbohidrat qaynaqlarını istehlak etmək məqsədəuyğun olardı. Həddindən artıq yağlı, duzlu, ağır yeməklərdən və xəmirlərdən uzaq durmaq lazımdır.

Həzm problemlərinin qarşısını almaq üçün kifayət qədər çeynəmək və çox tez yeməmək vacibdir. Adət olduğu kimi zeytun və ya xurma, su ilə iftar etdikdən sonra, yeməyə bir az şorba və salatla başlanıla bilər. Daha sonra ət-tərəvəz yeməyi, yağsız və ağır olmayan ət yeməyi, bir az zeytun yağı ilə tərəvəz yeməyi, 1-2 dilim çörək, az miqdarda düyü, makaron istehlak edə bilərsiniz”.

Paylaş: