11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Antarktida üzərindəki  ozon dəliyi 10 il ərzində yox ola bilər

10-03-2025
IMG

Stratosferdə təbii olaraq yaranan ozon Yeri Günəşin zərərli ultrabənövşəyi şüalarından qoruyan qalxan rolunu oynayır. Ancaq 1985-ci ildə Antarktida üzərində bir ozon dəliyi aşkar edilmişdi. Qeyd edək ki, bu mövsümi incəlmə daha zərərli UV şüalarının səthə çatmasına səbəb olaraq dəri xərçəngi kimi sağlamlıq problemlərinə yol açır.

ABŞ Milli Okean və Atmosfer Tədqiqatları Təşkilatının alimi Susan Solomon və onun komandası araşdırmaları nəticəsində bu dəliyin xloroflorokarbonlar hesabına əmələ gəldiyini müəyyən edib. Xloroflorokarbonlar  kondisioner, soyuducu sistemlər və aerozol spreylərində geniş istifadə olunur. 197 ölkənin imzaladığı Monreal protokolu çərçivəsində bu zərərli qazların mərhələli şəkildə qadağan edilməsinə qərar verilib.

Son illərdə aparılan müşahidələr ozon dəliyinin daraldığını göstərsə də, alimlər bu yaxşılaşmanın dəqiq səbəblərini müəyyən etməkdə qərarsız olublar. Solomon qeyd edib ki, xloroflorokarbonların azalması,yoxsa  El Nino hava hadisəsi və qütb burulğanı kimi təbii proseslərin bu daralmaya səbəb olub-olmadığını anlamaq çətindir.

Bununla belə, Massaçusets Texnologiya İnstitutunun alimi Peidong Vang yeni araşdırmalarında sübut edib ki, ozon təbəqəsinin yaxşılaşması birbaşa insan müdaxilələri ilə bağlıdır. Tədqiqatçılar müxtəlif ssenarilər üzrə atmosfer simulyasiyaları həyata keçirərək ozon təbəqəsindəki dəyişikliklərin səbəbini araşdırıblar.

Real peyk müşahidələri ilə müqayisələr nəticəsində cəmiyyətlərin gördüyü tədbirlər sayəsində ozon dəliyinin yaxşılaşdığı təsdiqlənib.

Alimlər hazırkı bərpa prosesi davam edərsə, ozon dəliyinin 10 il ərzində tamamilə bağlanacağını düşünürlər.

Paylaş: