11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Srebrenitsa Memorial Kompleksi təhlükəsizlik səbəbindən bağlanıb

08-03-2025
IMG

Bosniya və Herseqovinada Srebrenitsa Memorial Kompleksi təhlükəsizlik səbəbindən ziyarətçilər üçün bağlanıb.

Fhnews.az xəbər verir ki, 1992-1995-ci illər müharibəsi zamanı Srebrenitsa soyqırımında qətlə yetirilən 6 mindən çox bosniyalının məzarının və soyqırımına dair bir çox sübutun yerləşdiyi mərkəzin ölkədəki təhlükəsizlik səbəbindən qeyri-müəyyən vaxtadək bağlı qalacağı bildirilib.

Xatırladaq ki, 1995-ci ilin iyulunda Srebrenitsada bir neçə gün ərzində 8372 bosniyalı vəhşicəsinə qətlə yetirilib, onların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda basdırılıb. 2007-ci ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi qiymətləndirib. BMT Baş Assambleyası isə ötən il mayın 23-də keçirilən sessiyada iyulun 11-ni Srebrenitsa Soyqırımını Anım Günü kimi qəbul edib.

Soyqırımı zamanı mülki şəxslər, xüsusilə də qadınlar və uşaqlar serb millətçiləri tərəfindən vəhşicəsinə öldürülüb, hadisə qurbanları kütləvi məzarlıqlarda basdırılıb. Potoçari Memorial Qəbiristanlığında indiyədək 6760-dan çox insan dəfn edilib. Daha 250 soyqırımı qurbanının nəşi isə ailələrinin istəyi ilə yerli qəbiristanlıqlarda basdırılıb. Srebrenitsa soyqırımı qurbanlarının 1600-dən çoxunun cəsədi hələ də tapılmayıb.

Paylaş: