11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

BMU-da tələbələrin elmi-texniki konfransı keçirilib

10-03-2025
IMG

Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin Avtomatika, telekommunikasiya və energetika kafedrasının yaranmasının 6 illiyinə həsr olunmuş elmi-texniki konfransı keçirilib.

Universitetdən verilən məlumata görə, kafedranın müdiri professor Ramiz Hümbətov müəllimlərlə tələbələrin qarşısında dayanan vacib məsələləri diqqətə çatdırıb. Bildirib ki, təhsilalanların tələbəlik illərində qazandığı elmi-tədqiqat təcrübəsi gələcəkdə yaxşı mütəxəssis və alim olmaq üçün əlverişli zəmin yaradır.

Sonra çıxış edən tədris işləri üzrə prorektor professor Həmzağa Orucov aparılan elmi araşdırmaların nəticələrinin konfransda məruzə edilməsini müsbət addım adlandırıb və hər bir tələbənin ixtisas fənlərinin məzmununu necə mənimsədiyinin tədbir müstəvisində aydın göründüyünü qeyd edib.

Elmi işlər üzrə prorektor professor Ağası Məlikov da elmi uğurların əsasının belə tədbirlərlə başladığını ifadə edərək tələbələri tədqiqatlara dərin maraq göstərməyə çağırıb. Bunun üçün universitetdə hər cür şəraitin mövcudluğunu söyləyən prorektor BMU rəhbərliyinin tələbələrə bu istiqamətdə həmişə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Tədbirdə Mühəndislik fakültəsinin dekanı Asif Quliyev və digər çıxış edənlər belə konfransların əhəmiyyətini, davamlı təşkilinin vacibliyini bildiriblər.

Sonra “Elektrotexnika və energetika” bölməsi üzrə tələbələrin alternativ enerji mənbələrinə, enerji şəbəkələrinin hesablanmasına, avadanlıqların mühafizəsinə, enerji təchizatı sistemlərinin kompüter modelləşdirilməsinə həsr olunmuş 17, habelə “Radiotexnika, telekommunikasiya və avtomatika” bölməsi üzrə telekommunikasiya sistemlərinin xarakteristikalarının tədqiqinə, obyektlərin modelləşdirilməsinə, işıqlandırma və suvarma sistemlərinin avtomatik idarə edilməsinə həsr olunmuş 11 məruzəsi dinlənilib.

Konfransın bölmə iclaslarında məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Sonda konfransda məruzə ilə çıxış edən tələbələrə sertifikatlar təqdim olunub.

Paylaş: