11 mart 2025, çərşənbə axşamı Bakı, 5°C
IMG-LOGO

Yel çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti (video)

11-03-2025

Bu gün xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruzun gəlişi ilə əlaqədar Yel çərşənbəsini qeyd edir.

Təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlinir ki, bu da sonda acı nəticələrə gətirib çıxarır.

Belə ki, ötən çərşənbə Bərdə rayonunda 2019-cu il təvəllüdlü azyaşlı N.Qurbanzadənin bayram tonqalına yıxılaraq aldığı müxtəlif dərəcəli yanıq xəsarətlərindən vəfat etməsi xəbəri ölkə ictimaiyyəti tərəfindən kədərlə qarşılandı.

Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır:

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Paylaş: