12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Alimlər nüvə tullantıları ilə işləyən batareya hazırlayıblar

11-03-2025
IMG

Nüvə enerjisi, demək olar ki, sıfır istixana qazı emissiyasına görə qalıq yanacaqlara alternativ enerji mənbəyi kimi seçilir. Bununla belə, bu enerji növünün ən böyük problemlərindən biri radioaktiv tullantıların necə idarə olunmasıdır. ABŞ-da aparılan yeni bir araşdırma bu tullantıların utilizasiyası üçün maraqlı bir həll təklif etdi: nüvə tullantıları ilə işləyən batareyalar.

Ohayo Dövlət Universitetinin tədqiqatçıları nüvə tullantılarından yayılan qamma radiasiyasından istifadə edərək mikroçipləri gücləndirə bilən enerji istehsal etməyə nail olublar. Bu sistem hazırda yalnız kiçik sensorları qidalandırmaq qabiliyyətinə malik olsa da, alimlər onun gələcəkdə daha böyük miqyaslara köçürülə biləcəyini düşünürlər.

Tədqiqat qrupunun nüvə mühəndisi Raymond Cao deyir ki, biz tullantı kimi görünən bir şeyi götürməyə və onu faydalı bir mənbəyə çevirməyə çalışırıq. Hazırda dünyanın enerji ehtiyacının təxminən 10%-i nüvə enerjisi hesabına ödənilir. Alimlər nüvə tullantılarından səmərəli istifadə yolunu tapa bilsələr, bu enerji mənbəyi daha cəlbedici ola bilər.

Nüvə batareyaları uzun illərdir ki, radioaktiv parçalanmanı elektrik enerjisinə çevirən cihazlar kimi tədqiq edilir. Ancaq indiyə qədər bu texnologiya praktik istifadəyə nail olmayıb. Yeni hazırlanmış sistemdə enerji iki mərhələdə istehsal olunur: birincisi, xüsusi hazırlanmış sintilator kristalları qamma radiasiyasını işığa çevirir. Bu işıq daha sonra günəş panellərinə bənzər mexanizmlə elektrik enerjisinə çevrilir.

Hazırlanmış prototip batareyanın ölçüsü təxminən 4 kub santimetrdir. Tədqiqatçılar bu batareyanın iki fərqli radioaktiv mənbədən, sezium-137 və kobalt-60 istifadə edilərək sınaqdan keçirildiyini izah ediblər. Batareya müvafiq olaraq 288 nanovatt və 1,5 mikrovat güc istehsal edə bilirdi.

Ohayo Dövlət Universitetindən aerokosmik mühəndis İbrahim Öksüz "Güc istehsalı baxımından bu, çılpaq bir nəticədir"-deyərək bu üsulun gələcəkdə daha böyük miqyaslarda tətbiq oluna biləcəyini bildirib.

Alimlər hazırlanmış batareyanın ətraf mühitə zərər verməyəcəyini və birbaşa təmasda belə təhlükəsiz olduğunu bildirirlər. Bununla belə, enerji təchizatının uzunmüddətli perspektivdə nə qədər dayanıqlı olacağı hələ aydın deyil.

Paylaş: