Göz yaşı axarının bərpası məqsədilə 234 oftalmoloji əməliyyat icra olunub
Dakriosistit göz yaşı kisəsinin iltihabi xəstəliyidir. İstənilən formalı dakriosistitin (kəskin, xroniki və digər) əsasında göz yaşı axarının daralması və ya tutulması durur. Bu hallar anadangəlmə (yenidoğulmuşlarda) və ya qazanılmış olur. Yenidoğulmuşlarda bu, göz yaşı kanallarının anadangəlmə anomaliyaları, kanalın distal hissəsində sıx epitel membranının olması ilə əlaqədar ola bilər. Qazanılmış formalarına, adətən, kəskin respirator virus infeksiyaları, xroniki rinit, sinusit, burun polipləri, adenoidlər, burun sümüklərinin və orbitin sınıqları səbəb olur. Xəstəliyin bu formasına istənilən yaşda rast gəlmək mümkündür.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, icbari tibbi sığorta ilə xəstəliyin diaqnostikası ixtisaslı həkimin müayinəsi, kontrastlı maddə ilə rentgenoloji müayinə, mikrobioloji müayinə (gözyaşı kisəsindən ifraz olunan mayenin əkilməsi və antibiotikə qarşı həssaslığın yoxlanılması), ehtiyac olduqda KT və MRT əsasında aparılır.
Kanalın tutulması göz yaşının burun boşluğuna axmasına mane olur və nəticədə gözlərdən yaşaxma (epifora) müşahidə olunur. Dakriosistit göz ətrafında qızartı, şişkinlik, yaş kisəsi nahiyəsinə basdıqda yaş nöqtəsindən selikli və ya irinli ifrazatın xaric olması, gözün selikli qişasının qızarması, bədən hərarəti, iltihabi proses buynuz qişaya təsir edərsə görmə itiliyinin azalması ilə özünü büruzə verir. Xoşagəlməz vəziyyətin yaranması səhhətdə diskomfort hissi yaşadır və həyat keyfiyyətini aşağı salır.
Müalicə xəstəliyin formasından asılı olaraq və pasiyentlərin ümumi sağlamlıq vəziyyəti nəzərə alınmaqla təyin edilir. Anadangəlmə formada gözyaşı axarının masajı və zondlanması xəstəlikdən xilas olmağa kifayət edir. Kəskin dakriosistitin müalicəsi kompleks şəklində müalicə tədbirlərindən ibarətdir. Kompleks müalicəyə ilk olaraq antibiotiklərin təyini, fizioterapiya, isti quru kompresslərin qoyulması, formalaşmış absesdə kisəciyin açılıb cərrahi işlənilməsi, gözyaşı kanalının yuyulması və digərləri aiddir.
Konservativ müalicə arzuolunan nəticəni vermədikdə, həmçinin dakriosistitin xronik formalarında cərrahi müdaxiləyə ehtiyac yaranır. Əməliyyatın məqsədi göz yaşının normal axınını bərpa etmək üçün göz yaşı kisəsi ilə burun boşluğu arasında yeni axar yaratmaq, yaxud mövcud axarın keçiriciliyinin bərpasıdır. Əməliyyatın yerli anesteziya altında endonazal metodla aparılması nəticəsində pasiyentin xəstəxanada qalma müddəti qısa olur, sağalma sürətlənir və əməliyyatdan sonrakı ağırlaşma riski minimuma enir. Əməliyyatdan sonra xəstənin simptomları keçir və həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır.
Xəstəliyin müayinə və müalicəsi, eləcə də cərrahi əməliyyatın icrası icbari tibbi sığorta təminatına daxildir. Ötən il icbari tibbi sığorta hesabına gözyaşı axarının bərpası məqsədilə 234 cərrahi prosedur icra olunub.
İcbari tibbi sığorta ilə tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarına şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.
Xocalıda Yel çərşənbəsinin tonqalı...
Bahar Muradova Nyu-Yorkda macarıstanlı...
Azərbaycanda daha 131 hərbi qulluqçu...
Erməniəsilli şahid: Vardanyanın...
Vardanyanın məhkəməsində erməniəsilli...