11 mart 2025, çərşənbə axşamı Bakı, 4°C
IMG-LOGO

AzMİU-da dinamik sistemlərdə riyazi metodların tətbiqinə dair müzakirə aparılıb

10-03-2025
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) riyaziyyat və kompüter elmlərinin ən mürəkkəb və strateji istiqamətlərindən birinə həsr olunmuş elmi seminar keçirilib.

AzMİU-dan verilən məlumata görə, “Dinamiki sistemlərdə hesablama məsələləri” mövzusunda təşkil olunan tədbir AMEA-nın müxbir üzvü, görkəmli alim Kamil Ayzadənin rəhbərliyi ilə baş tutub.

Seminarda Maks Plank Proqram Sistemləri İnstitutunun əməkdaşı gənc alim Toğrul Kərimov dinamik sistemlərin formal yoxlama metodları ilə dərin təhlili və bu metodların müxtəlif tətbiq sahələrində inqilabi əhəmiyyəti barədə geniş məruzə ilə çıxış edib. O, diskret və fasiləsiz zamanlı xətti dinamik sistemlərin yoxlama problemlərini, onların cəbr və transendental ədəd nəzəriyyəsi ilə olan fundamental əlaqələrini şərh edərək müasir riyazi yanaşmaların gücünü ortaya qoyub.

Vurğulanıb ki, formal yoxlama metodları yüksəksəviyyəli kiberfiziki sistemlərin təhlükəsizliyini və funksional düzgünlüyünü təmin edən ən effektiv alətlərdən biridir. Alimlər bu metodların süni intellekt, avtomatlaşdırılmış idarəetmə və kritik infrastrukturların qorunması sahələrində tətbiqinin mühüm perspektivlər açdığını bildiriblər.

Müzakirələr zamanı elmi ictimaiyyət Toğrul Kərimovun tədqiqatlarının Azərbaycan elmi üçün strateji əhəmiyyətini xüsusi qeyd edib. Eyni zamanda, onun elmi işlərinin yaxından izlənilməsi və potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi barədə yekdil fikir ifadə olunub.

Seminarda mövzu ilə bağlı suallar səsləndirilib, gələcək tədqiqat istiqamətləri barədə müzakirələr aparılıb.

Qeyd edək ki, Maks Plank Proqram Sistemləri İnstitutu öz alimlərinə verilən 39 Nobel mükafatı ilə elm və texnologiya tədqiqat təşkilatı kimi dünya miqyasında aparıcı reputasiyaya malikdir və geniş şəkildə dünyanın ən əsas tədqiqat təşkilatlarından biri kimi qəbul edilir. Albert Enşteyn də vaxtilə bu mərkəzdə qonaq professor olub. Toğrul Kərimov İngiltərənin Oksford Universitetində bakalavr və magistr təhsili alıb, hazırda isə Maks Plank Proqram Sistemləri İnstitutunda doktorantura təhsilini davam etdirir. Onun elmi rəhbəri isə tanınmış alim Joel Ouaknindir. Toğrul Kərimov, həmçinin Dünya Azərbaycanlı Alimlər Birliyinin üzvüdür.

Paylaş: