Mütəxəssis: Qulaqdan yad cisimlər yalnız həkim tərəfindən kənarlaşdırılmalıdır
Qulaq kanalında yad cisim qalan zaman bu, özünü böyük uşaqlarda qulaq ağrısı, narahatlıq, qıcıqlanma, kiçik uşaqlarda isə qulaq axıntısı, qulaq ağrısı və öskürək kimi büruzə verə bilər. Həşəratlar nadir hallarda xarici qulaq yoluna girərək narahatlıq və səs-küyə səbəb olur. Kanal tamam tıxanarsa, eşitmə itkisi ilə bərabər bəzən ağrı yaranması mümkündür.
Balaca körpələrdə və həssas yeniyetmələrdə yad çisimi çıxarmaq üçün ümumi anesteziya lazım olur. Canlı yad cisimlər xarici qulaq kanalında yerli anesteziya, yağ və ya spirtli məhlul ilə zərərsizləşdirilir. Bitki tərkibli cisimlər su ilə təmasdan sonra şişdiyi üçün təmasdan qacmaq lazımdır. Kəskin uclu yad cisimlər və alətlər təbil pərdəsini zədələyə bilər. Qulaqdan yad cisimlər yalnız həkim tərəfindən kənarlaşdırılmalıdır.
Fhnews.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun otolarinqoloqu Gülşən Qədirli deyib.
Otolarinqoloq duş qəbulundan sonra uşaqlarda yaranan qulaq küyünün səbəbləri barədə məlumat verib: “Qulaqda tıxac kanalda kir yığılmasından qaynaqlanır və eşitməni müvəqqəti olaraq azaldan vəziyyətdir. Qulaq kiri sərt, yumşaq ola bilir və normalda çənənin hərəkəti ilə parçalar halında kanaldan atılır. Tıxac yaranması isə serumeninin həddindən artıq ifrazı zamanı meydana gəlir. Sərt tüklər, epitelin soyulması, ekzositoz, eşitmə cihazları, osteom, dar qulaq kanalı serumen ifrazını artıran amillərdəndir. Eşitmədə azalma kanal tam tutulanda olur; qulaq küyü, reflekstor öskürək, baş fırlanması, qulaq ağrısı yarana bilər. Duş qəbulu, üzmə zamanı qulaq kanalına su düşər və kanal tıxanar, bu halda qulaqda qulaq çınlaması və dolğunluq simptomlarının müşahidəsi mümkündür. Qulağın tıxanması müxtəlif üsullarla həkim tərəfindən açılır”.
Uşaqlarda kəskin xarici otit probleminin yaranma səbəblərindən danışan mütəxəssis qeyd edib ki, xarici otit qulaq kanalının kəskin iltihabıdır: “Əsas simptomları qulaqda ağrı, eşitmənin azalması, qulaqda qaşınma şikayətidir. Əsasən isti və nəm iqlimdə böyüyən, üzgüçülüyə gedən, dəri problemləri olan uşaqlarda rast gəlinir, təktərəfli olur. Adətən, uşaqlarda suda üzmədən sonra bir və ya iki qulaqda qaşıntı və ağrı başlayır. Ağrı qulağı hərəkət etdirdikdə kəskin artır. Xarici qulaq kanalını tamam bağlayacaq ödəm yarana bilir və bu, eşitmə itkisinə səbəb olur. Qulaq kanalı çox ödəmlidirsə, dərmanlı tamponlardan istifadə etmək lazımdır”.
G.Qədirli qulağın ekzeması probleminin xüsusən uşaqlarda daha tez rast gəlindiyinə diqqət çəkib: “Ekzemanın səbəbləri günəş şüaları, uşaqlarda qidalanmanın, maddələr mübadiləsinin pozulmaları da ola bilər. Ekzema kəskin və xroniki olur. Kəskin ekzema zamanı proses qulaq seyvanını, xarici qulaq keçəcəyini tutur. Əvvəlcə dəridə qızartı və şişkinlik əmələ gələrək qaşınma, göynəmə duyğusu ilə müşahidə olunur, temperaturun yüksəlməsi az təsadüf edilir. Qaşınma xəstəliyin gedişini pisləşdirir, iltihablaşmış dərinin zədələnməsinə kömək edir. Tezliklə sudurlar əmələ gəlir. Onlar partlayaraq özlərindən sonra sulanan səth yaradır. Sonralar qartmaq əmələ gəlir. Bir sıra təsadüflərdə ekzema göstərilən ümumi xəstəliklər səbəbindən yaranıbsa, proses uzanır, xroniki gedişi müşahidə olunur. Xroniki ekzema dərinin bütün qatlarına yayılması ilə xarakterizə edilir. Belə olduqda qulaq seyvanı həcmcə böyüyür, forması dəyişilir. Seyvanın ayrı-ayrı yerlərində qartmaqla örtülü çatlar əmələ gəlir, qartmağın altından irinə oxşayan maye xaric olur.
Ekzemanın diaqnozu isə çətin deyil. Ekzemanı qızılyeli iltihabından, qulaq seyvanının perixondritindən və diffuz xarici otitdən fərqləndirmək lazımdır. Kəskin ekzemanın proqnozu yaxşıdır. Ancaq xronik ekzemalar inadkar olur, residivlər verir. Ekzemanı müalicə edərkən endogen və ekzogen amillər nəzərə alınmalıdır”.
Mütəxəssis yeni doğulmuş körpələrdə eşitmənin skininq müayinəsinin əsas məqsədinin eşitmə itkisi ilə doğulan körpələrin erkən vaxtda aşkarlanması və reabiltasiyasına başlamaqdan ibarət olduğunu deyib. Onun sözlərinə görə, risk faktorlarına qohum evliliyi, ananın hamiləlik dövründə keçirdiyi yoluxucu xəstəliklər, toksoplazmoz, rubella, xlamidiya, sitomeqalovirus, herpes, körpənin 35 həftədən erkən doğulması, çəkisinin 1500 qramdan az olması, küveyzdə qalması, patoloji sarılıq keçirməsi və digərləri daxildir: “Yenidoğulmuşların skrininq müayinəsi doğumun üçüncü sutkasından 28-ci günə qədər aparılır. Doğumdan 3 yaşına kimi olan müddətdə uşaqlarda danışma və dil inkişafı baxımından önəmlidir. Eşitmənin skrininq müayinəsi edilmədiyi təqdirdə eşitmə itkisi vaxtında aşkar edilmir. Skrininq edilməyən körpələrin ailəsi eşitmə itkisini ən erkən 18 aylığında hiss edə bilər. Eşitmə itkisi 6 ayında təsdiqləndikdə eşitmə cihazı taxılmalıdır”,- deyə otolarinqoloq bildirib.
DİN kibertalama cinayətləri ilə bağlı...
Media nümayəndələri üçün növbəti “Sosial...
“Qida Təhlükəsizliyi Könüllüləri”...
Vəkillər Kollegiyasının rəhbərliyi...
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ...