14 mart 2025, cümə Bakı, 11°C
IMG-LOGO

Liviya 2008-ci ildən bəri ilk dəfə olaraq yeni neft və qaz yataqlarının kəşfi üçün tender elan edib

04-03-2025
IMG

Liviya 2008-ci ildən bəri ilk dəfə olaraq quruda və dənizdə yeni neft və qaz yataqlarının kəşfiyyatı üçün beynəlxalq şirkətlər üçün tenderə başladığını açıqlayıb.

Bir çox beynəlxalq neft və qaz şirkətinin qatılacağı gözlənilən tenderin elanı paytaxt Tripolidə keçirilən mərasimdə edilib.

Mərasimə Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe, Neft və Qaz Naziri Halife Abdussadık, Liviya Milli Neft Şirkətinin prezidenti Məsud Süleyman, Türkiyənin Tripolidəki  səfiri Güven Begeç, Türkiyə Neft Anonim Ortaqlığının  baş direktoru Əhməd Türkoğlu və bir çox ölkənin diplomatik nümayəndələri qatılıb. Liviyanın baş naziri Dibeybe çıxışında bildirib ki, bu gün Liviyanın qlobal enerji bazarında strateji mövqeyinin dəyişdirilməsi ilə bağlı tarixi hadisənin şahidi olub.

“17 ildə ilk dəfə olaraq, Liviyanın müasir və şəffaf investisiya mühitində neft və qaz investisiyaları üçün mühüm məkana çevrildiyinin aydın mesajı olaraq yeni kəşfiyyat tenderinə başlayırıq”-deyən  Dibeybe bildirib ki, bu addım ölkədəki sabitliyin və beynəlxalq şirkətlərə açılmağa hazır olmasının göstəricisidir. Neft və Qaz Naziri Halife Abdussadık də bəyan edib ki, elan edilən tender təkcə investisiya fürsəti deyil, həm də Liviyanın illərlə yaşanan çətinliklərdən sonra qlobal arenaya güclü qayıdışının göstəricisidir. Liviya Milli Neft Şirkətinin prezidenti Məsud Süleyman beynəlxalq neft və qaz şirkətlərinin bu tenderdə iştirakını istədiklərini ifadə edərək, Liviyanın atdığı bu addımın ölkəsinin dünyada neft ölkələri arasında mövqeyini gücləndirəcəyini bildirib.

Liviyanın 17 ildən sonra yeni neft və qaz yataqlarının kəşfiyyatı üçün keçirdiyi tenderdə müvafiq şərtləri yerinə yetirmiş beynəlxalq şirkətlər Liviya ərazisində 128 min 714 kvadrat kilometr və açıq dənizdə 106 min 533 kvadrat kilometr olmaqla, ümumi 235 min 247 kvadrat kilometr sahədə kəşfiyyat işləri aparacaq.

Bu şərtlərə cavab verən və tenderdə qalib gələn şirkətlər noyabrın 15-də elan olunacaq.

Paylaş: