14 mart 2025, cümə Bakı, 12°C
IMG-LOGO

Çin Trampa yeni tariflərlə cavab verib

04-03-2025
IMG

ABŞ prezidenti Donald Trampın Çindən idxal edilən bütün məhsullar üçün rüsum dərəcəsini 20 faizə qaldırmaq qərarına cavab olaraq Çin bu ölkədən idxal edilən bəzi kənd təsərrüfatı və ərzaq məhsullarına əlavə gömrük rüsumları tətbiq edib və ABŞ şirkətlərinə qarşı sanksiyalar elan edib.

Çin Ticarət Nazirliyindən verilən açıqlamada, ABŞ-dan arpa, qarğıdalı və pambıq kimi quş əti və kənd təsərrüfatı məhsullarının idxalına 15 faiz, soya, donuz əti, mal əti, meyvə, tərəvəz və süd məhsulları idxalına isə 10 faiz əlavə gömrük rüsumunun tətbiq ediləcəyi bildirilib.

Açıqlamada ABŞ-nın birtərəfli tarif qərarının Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozduğuna diqqət çəkilərək, "Çin ÜTT qaydalarına uyğun olaraq qanuni hüquq və mənafelərini qoruyacaq və çoxtərəfli ticarət sistemi və beynəlxalq iqtisadi nizamı müdafiə etməyə davam edəcək" ifadəsi işlədilib. 

Yeni gömrük tarifləri martın 10-dan qüvvəyə minəcək.

Nazirlik həmçinin müdafiə və təhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlər də daxil olmaqla 15 ABŞ şirkətini “ixrac nəzarəti siyahısı”na əlavə etdiyini bildirib. Çin şirkətləri bu şirkətlərə ikili hərbi və mülki təyinatlı məhsulların ixracına xüsusi icazə verəcək. Digər tərəfdən, 10 ABŞ şirkəti Çinin suverenlik mübahisəsi olan Tayvanla silah satışı və hərbi əməkdaşlıqda rolu olduğu səbəbi ilə "etibarsız qurumlar siyahısı"na daxil edilib. Sözügedən şirkətlərə Çinə investisiya yatırmaq və Çin şirkətləri ilə bütün əməliyyatlar qadağan edilib.

Xatırladaq ki, ABŞ prezidenti Tramp fevralın 1-də imzaladığı fərmanla Çindən idxala 10 faiz gömrük rüsumu tətbiq edib. Sözügedən tarif fevralın 4-dən qüvvəyə minib.
Çinlə razılığa gələ bilmədikləri təqdirdə tariflərin arta biləcəyi barədə xəbərdarlıq edən Tramp fevralın 27-də “Truth” hesabındakı paylaşımında martın 4-də Çinə əlavə 10 faizlik tarif tətbiq ediləcəyini açıqlayıb.

Tramp bu gün əvvəlki fərmanında etdiyi dəyişikliklə Çinə tətbiq edilən gömrük rüsumlarını 10 faizdən 20 faizə qaldırıb.

Paylaş: