21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

Yunanıstanın cənubunda hökm sürən quraqlıq Aİ-nin suya qənaət üzrə böyük problemini nümayiş etdirir

20-02-2025
IMG

Yunanıstanın cənubundakı Arqolis bölgəsində portağal ağacları düzənliyini qidalandıran suvarma kanalındakı çatlardan su sızır. Rəsmilər deyirlər ki, yeraltı köhnə borular xəttə vurulan suyun yarısından çoxunu itirir. “Reuters” xəbər verir ki, yay aylarında - su anbarlarında suyun səviyyəsi aşağı düşəndə, regional paytaxt Nafplionun səlahiyyətliləri sakinlərə ehtiyat mənbələrdən evlərinə vurulan çirklənmiş duzlu suyu içməməyi tövsiyə edir.

Fhnews.az xəbər verir ki, bu ay Aİ iqlim dəyişikliyi nəticəsində yaranan və artıq əhalinin 38 faizini əhatə edən su böhranı ilə mübarizə kampaniyasına başlayıb. Su təhlükəsizliyinin yaxşılaşdırılması proqramının yüz milyardlarla avroya başa gələcəyi gözlənilir və Cənubi Avropa ölkələrinin iqlim dəyişikliyi ilə əlaqədar qeyri-sabit yağışlar, habelə temperaturun yüksəlməsi ilə üzləşdiyi bir vaxtda həyata keçirilir.

Avropanın isti cənub sərhədində yerləşən Yunanıstandakı vəziyyət dəyişikliyin nə qədər çətin və baha başa gələcəyini göstərir. Keçən yay və qış mövsümləri tarixdə ən isti olub və bir çox yerlərdə aylarla yağıntı müşahidə edilməyib.

Yunanıstan içməli suyunun təxminən yarısını sızan borular və oğurluq səbəbindən itirir ki, bu da hökumətin məlumatlarına görə, Aİ-nin orta göstəricisindən - 23 faizdən iki dəfə çoxdur. Ekspertlər və rəsmilər deyirlər ki, yeraltı boru kəmərləri şəbəkəsinin əksər xəritələri ya rəqəmsallaşdırılmayıb, yaxud mövcud deyil.

2019-cu ildən bəri Yunanıstan içməli su infrastrukturuna 1,5 milyard avrodan çox vəsait xərcləyib. Ancaq bu ölkənin portağal məhsullarının təxminən üçdəbirini istehsal edən kənd təsərrüfatı mərkəzi olan Arqolis daha çox vəsaitə ehtiyac olduğunu göstərir.

Sakinlərin əksəriyyəti plastik butulkalardan su içir ki, bu da öz-özlüyündə ekoloji problemlər yaradır.

Hər damcı suyu önəmli hesab edən fermerlər isə ümidlərini yağışlı qış aylarına bağlayırlar.

Paylaş: