Azərbaycan-Pakistan strateji tərəfdaşlığı müzakirə olunub
Fevralın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiya Parlament Assambleyasının 15-ci plenar iclası çərçivəsində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Senatının sədri Yusif Rza Gilaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığı, parlament diplomatiyasının əhəmiyyəti, habelə postmünaqişə dövründə bölgədəki mövcud vəziyyət müzakirə olunub.
Ötən il Pakistana rəsmi səfəri və bu çərçivədə Yusif Rza Gilani ilə görüşünü məmnunluqla xatırlayan Ceyhun Bayramov, intensiv qarşılıqlı təmas və səfərlərin strateji tərəfdaşlığımızın inkişafına töhfə verdiyini qeyd edib.
Söhbət zamanı dostluq, qardaşlıq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan Azərbaycan-Pakistan münasibətlərinin ikitərəfli, o cümlədən çoxtərəfli müstəvidə inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu diqqətə çatdırılıb. Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə, iki ölkə tərəfindən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstək minnətdarlıqla vurğulanıb. İki ölkənin qanunvericilik orqanları, deputatları arasında əlaqələrin, habelə parlament diplomatiyasının gücləndirilməsinin tarixi və mədəni baxımdan yaxın olan xalqlarımız arasında münasibətlərə töhfə verdiyi bildirilib.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minatəmizləmə fəaliyyəti, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.
Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan xalqına qarşı çoxsaylı...
XİN BBC-nin Azərbaycandakı...
Butan Milli Assambleyasının sədri:...
Azərbaycan və Ukrayna Xarici İşlər...
Azərbaycan və Bəhreyn parlamentləri...