21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

Bu gün Ümumdünya Sosial Ədalət günüdür

20-02-2025
IMG

26 noyabr 2007-ci ildə təsdiq edilmiş qərarla Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2009-cu ildən etibarən hər il fevralın 20-ni Ümumdünya Sosial Ədalət Günü kimi qeyd edir. Ümumdünya Sosial Ədalət günü  yoxsulluq, təcridetmə, gender bərabərliyi, işsizlik, insan hüquqları və sosial müdafiə kimi problemlərin həlli üçün səyləri özündə əks etdirən sosial ədalətin təşviq edilməsinin zəruriliyini tanıyan beynəlxalq gündür. 

Sosial ədalət yoxsulluq, insan hüquqlarının pozulması, işsizlik, gəlir bölgüsü ədalətsizliyi, müharibə və vətəndaş qarşıdurmaları, gender bərabərsizliyi, immiqrasiya və irqçilik kimi problemlərin yaratdığı bərabərsizliyi aradan qaldırmağı hədəfləyən əsas fenomendir. Sosial ədalətin məqsədi hər kəs üçün ədalətli həyat təmin etməkdir. BMT, Amerika Kitabxana Assosiasiyası (ALA) və Beynəlxalq Əmək Təşkilatı da daxil olmaqla bir çox təşkilatlar insanlar üçün sosial ədalətin vacibliyi haqqında bəyanatlar verib. Bir çox təşkilatlar həmçinin yoxsulluq, sosial və iqtisadi təcrid və işsizliklə mübarizə aparmaqla daha böyük sosial ədalət üçün planlar təklif edirlər. 2025-ci ildə bu əlamətdar gün iqlim böhranı ilə mübarizə, bu məsələdə yoxsul və varlı ölkələr arasında bərabərliyin təmin olunması kontekstində qeyd edilir.

BMT-nin bu münasibətlə yaydığı müraciətdə deyilir: “Davamlı gələcək üçün ədalətli keçidi gücləndirmək, aşağı karbonlu iqtisadiyyatlara doğru hərəkətimizin hamıya, xüsusən də ən həssas təbəqəyə fayda verdiyinə əmin olmaq lazımdır. Bu, ekoloji davamlılığı sosial ədalətlə birləşdirən, işçilərin, yerli xalqların və təcrid olunmuş icmaların yenidən hazırlıq, iş yerlərinin yaradılması və güclü sosial müdafiə tədbirləri vasitəsilə ehtiyac duyduqları dəstəyi almasını təmin edən vahid yanaşma tələb edir. Başqa sözlə, dekarbonizasiya və iqtisadi transformasiya yoxsulluqla mübarizə aparan, bərabərsizliyi azaldan və hamı üçün imkanlar açan siyasətlərlə paralel şəkildə getməlidir”.

Paylaş: