21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

Azərbaycan badminton üzrə Avropa çempionatında ilk dəfə 4 kateqoriyada təmsil olunacaq

20-02-2025
IMG

Azərbaycan badmintonu tarixində daha bir ilk yaşanacaq.

Fhnews.az xəbər verir ki, aprelin 8-13-də Danimarkanın Horsens şəhərində keçiriləcək Avropa çempionatında Azərbaycan ilk dəfə 4 kateqoriyada təmsil olunacaq. Milli komandanın 6 badmintonçusu reytinq sıralamasına əsasən qitə çempionatında iştirak hüququ qazanıb.

Bakıda keçirilmiş qarışıq komandaların Avropa çempionatında şəxsi kateqoriyada həm İspaniya, həm də İngiltərədən olan rəqiblərinə qalib gələn Edi Reski Dviçayo (25537 xal), eləcə də ingiltərəli və danimarkalı rəqiblərini məğlub etməklə reytinq xallarını 28347-yə yüksəldən Keişa Fatimə Zəhra qitə çempionatında iştiraklarını təmin ediblər. Hər iki badmintonçu püşk zamanı səpələnmişlər siyahısında yer alacaq.

Kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov - Diki Pangestu tandeminin topladığı 14595 reytinq xalı da müvafiq kateqoriya üzrə Avropa çempionatına vəsiqə qazanmaq üçün yetərli olub.

Qarışıq qoşa kateqoriyasında isə Cahid Əlhəsənov və Həcər Nuriyeva 10171 reytinq xalı ilə adlarını Avropa çempionatına yollanacaq badmintonçular siyahısına yazdırmağı bacarıblar.

Badmintonçuların qoşa kateqoriyalarda qitə çempionatına vəsiqə qazanmasında Bakıda keçirilmiş Avropa çempionatında iştirakları həlledici rol oynayıb.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edən strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçuların Avropa çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir.

Paylaş: