21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

Bu gün Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günüdür

19-02-2025
IMG

Fevralın 19-da bir çox ölkədə Ümumdünya Su Məməlilərinin Mühafizəsi Günü və ya Ümumdünya Balina Günü qeyd olunur.

Fhnews.az xəbər verir ki, bu dəniz nəhənglərinin günü 1986-cı ildə Beynəlxalq Balina Komissiyası tərəfindən dəniz məməlilərinin kommersiya ovuna qoyulmuş moratoriumun qüvvəyə mindiyi vaxt təsis edilib. Üstəlik, bu ekoloji tarix təkcə balinalar deyil, planetimizin dəniz və okeanlarında yaşayan digər canlılar üçün də mühafizə günü hesab olunur.

İlk növbədə, Balina Günü ictimaiyyətin, dövlət rəsmilərinin və bütün bəşəriyyətin diqqətini bu nadir heyvan növlərinin və ümumilikdə planetimizdə hazırda cəmi 119 növü qalan dəniz məməlilərinin mühafizəsi məsələlərinə cəlb etmək məqsədi daşıyır.

İnsanların var olmasından xeyli əvvəl Yer kürəsinin dənizlərində və okeanlarında su məməliləri yaşayırdı. Paleontoloqların tapıntıları balinaların və suitilərin 26 milyon il əvvəl mövcud olduğunu təsdiqləyir. İki yüz ildən artıqdır ki, davam edən dəniz məməlilərinin amansızcasına məhv edilməsi onların sayına mənfi təsir göstərib. Bu heyvanların bir çox nümayəndələri məhv olmaq ərəfəsindədir.

Hazırda dəniz məməlilərinin ölümünün əsas səbəblərindən biri plastik çirklənmə amilidir. Beləliklə, hər il minlərlə balıq və ümumilikdə milyonlarla dəniz heyvanı plastik tullantılara görə tələf olur. Məhz buna görə də dünya ölkələri, o cümlədən Azərbaycan, habelə beynəlxalq təşkilatlar plastik qablaşdırma məhsullarından, o cümlədən polietilen torbalardan istifadəni azaltmaq üçün müxtəlif tədbirlər həyata keçirirlər.

Hər il müxtəlif təbiəti mühafizə qrupları və təşkilatlar balinaların və digər məməlilərin mühafizəsi haqqında məlumatlılığı artırmaq məqsədilə çoxsaylı kampaniya keçirir. Çox vaxt müxtəlif ölkələrdən olan ekoloqlar nəsli kəsilməkdə olan dəniz məməlilərini qorumaq üçün bir araya gəlirlər.

Dəniz məməlilərinin 121 növündən yalnız biri Xəzər dənizində yaşayır. Bu, nəsli kəsilməkdə olan növ kimi Azərbaycanın Qırmızı Kitabına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqına daxil edilmiş nadir endemik növ olan Xəzər suitisidir. Xəzər suitisi endemikdir və bədən quruluşuna, qidalanmasına, həyat tərzinə və bir çox morfoloji xüsusiyyətlərinə görə dünyanın digər suitilərindən fərqlənir. Bədənlərinin yan hissəsində və qarında ləkələr nadirdir və ya tamamilə yoxdur. Şimali Xəzərin sahilyanı rayonlarından İran sahillərinə qədər bütün Xəzər dənizində onlara rast gəlinir. Son 120 ildə nizamsız ov, çirklənmə və digər amillər Xəzər suitilərinin sayının 1 milyondan 111-360 minə qədər azalmasına səbəb olub (müxtəlif mənbələrə görə). Xəzər suitisi dünya faunasında mövcud olan 32 suiti növündən ən kiçiyi kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Qeyd edək ki, Bakıda keçirilən COP29 iqlim konfransında ilk dəfə olaraq Su Ehtiyatları üzrə İqlim Fəaliyyəti haqqında Bəyannamə qəbul edilib. Problem son dərəcə kəskindir: bütün planetdə su obyektləri çirklənir və dayazlaşır, onların biomüxtəlifliyi yox olur. COP29-un ayrıca mövzusu dəniz heyvanlarının mühafizəsi və Xəzər dənizinin və dünya sularının faunasının qorunması üçün yeni həll yollarının axtarışı olub. Bu, FINS Təşəbbüsü – “Dəniz Növlərinin Beynəlxalq Mühafizəsi” başlığı altında panel müzakirələrinin və foto sərginin də mövzusu olub. Planetimizin səthinin 70 faizi su ilə örtülüdür. Su anbarı nə qədər böyükdürsə, onun ekosistemi də bir o qədər mürəkkəbdir: onun elementlərindən biri sıradan çıxarsa, bu, qaçılmaz olaraq digərlərinin də mövcudluğuna təsir edir.

FINS Təşəbbüsü sərgisi COP29 məkanında və Dənizkənarı Milli Parkında təşkil edilib: stendlərdəki fotoşəkillər balinalar və delfinlər kimi sualtı dünyasının sakinləri haqqında məlumat verirdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva COP29 çərçivəsində “Xəzər dənizi hövzəsi: risklərin qiymətləndirilməsi və aradan qaldırılması” mövzusunda keçirilən dəyirmi masada iştirak edib. Leyla Əliyeva Xəzər dənizinin ekosisteminin qorunmasının vacibliyini vurğulayıb. Tədbirdə iştirakçılara dünya göllərinin ümumi su ehtiyatlarının 40 faizindən çoxunu təşkil edən Xəzər dənizinin zəngin ekosistemi haqqında məlumat verilib. Leyla Əliyeva qeyd edib ki, Xəzər dənizində yaranan problemlər bir sıra canlıların, o cümlədən suiti, nərə və qızılbalıqların populyasiyasına təsir göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin IDEA İctimai Birliyinin fəaliyyəti ilə bağlı bir sıra məsələlərə, o cümlədən “Zəngin hovuzlar”, “Damla” layihələri və “Mavi Dəniz Fondu” ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində ilk sahilboyu mühafizə zonası seçilən Qızılağac Milli Parkına toxunub. Bildirilib ki, 2011-ci ildən indiyədək sahilyanı rayonlardan 7 mindən çox könüllünün iştirakı ilə 120 tona yaxın tullantı toplanaraq emal edilib.

Balinakimilər də bütün digər canlılar kimi, hər şeyin bir-birinə bağlı olduğu ekosistemin fəaliyyətində mühüm rol oynayır. Balinaların yox olması ilə bir çox flora və fauna növləri məhv ola bilər. Lakin bu gün də inkişaf etmiş ölkələrdə bu heyvanların dövlət tərəfindən təsdiq edilmiş ovlanması həyata keçirilir. Danimarka və İslandiyada delfin ovuna rəsmi icazə verilir. Balina ovu Norveç və Yaponiyada baş verir və gəmilər həmişə ovlanan cəsədlərlə limana qayıdırlar. Bütün bunlar, məsələn, balinakimilərin ətindən ev heyvanları üçün yemək hazırlamaq məqsədilə edilir.

Böyük və kiçik balinalar başqa səbəblərdən də ölürlər və demək olar ki, hər bir belə ölümlərin arxasında insan amili dayanır

Paylaş: