21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

Butan Milli Assambleyasının sədri: Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi ilə bağlı təkliflərimi hökumətə çatdıracağam

20-02-2025
IMG

Milli Məclisin sədri Sahibə Qafarova Butan Krallığı Milli Assambleyasının sədri Lunqten Dorci ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə bu səfərin Butan Krallığından parlament sədri səviyyəsində ölkəmizə ilk səfər olduğu diqqətə çatdırılıb, onun parlamentlərimiz arasında əlaqələrə töhfə verəcəyinə inam ifadə edilib.

Söhbət zamanı xalqlarımızın sülhpərvər ideyaları dəstəklədikləri, dünyada sülh və sabitliyin bərpa olunması ilə bağlı təşəbbüslərin vacibliyi qeyd edilib. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün imkanlar olduğu vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində daha fəal əməkdaşlıq etmək niyyəti ifadə edilib və bu istiqamətdə müzakirələr aparılıb.

Butan Milli Assambleyasının sədri Lunqten Dorci bu səfərin onun üçün yaddaqalan olduğunu bildirib və paytaxt Bakı ilə bağlı xoş təəssüratlarını bölüşüb. O, 15-ci plenar sessiyanı ən uğurlu sessiya kimi qiymətləndirib. Assambleyanın sədri ölkəsinə geri qayıtdıqdan sonra hökumətlə görüşəcəyini və Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi ilə bağlı təkliflərini hökumətə çatdıracağını deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş: