21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası üçün onlayn platforma yaxın günlərdə istifadəyə veriləcək

20-02-2025
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının (dinləyib-anlama, danışma, oxuyub-anlama və yazı) beynəlxalq standartlara uyğun ölçülməsini nəzərdə tutan ödənişsiz sınaq imtahanın təşkil edilməsi üçün hazırlıq işləri başa çatıb.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, yaxın günlərdə Mərkəzin rəsmi saytında sözügedən onlayn platforma istifadəçilərə təqdim olunacaq. İmtahana yazılmaq istəyən istifadəçilər öncədən qeydiyyatdan keçərək onlayn formada sınaq imtahanında iştirak edə biləcəklər. İmtahanda iştirak etmək üçün qeydiyyat mütləqdir, toplanan məlumatlar yoxlama-ölçmə materiallarının təkmilləşdirilməsi, effektivliyinin artırılması məqsədi daşıyır və yalnız tədqiqat xarakterlidir. İstifadəçilərin məxfiliyi tam şəkildə qorunacaq.

Bu imtahan modeli Avropa təhsil sistemində dillər üzrə tədris proqramlarının, dərsliklərin, imtahanların hazırlanmasında əsas götürülən ümum-Avropa Tövsiyə Çərçivə Sənədinə (The Common European Framework of Reference for Languages (CEFR) əsaslanaraq DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadənin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin əməkdaşları Səbinə Əliyeva, Hüzurə Ağayeva, Ramiqə Şirəliyeva və Fidan Ələsgərova tərəfindən dosent, filologiya üzrə fəlsəfə doktoru Jalə Qəribovanın redaktorluğu ilə hazırlanıb.

CEFR-də olduğu kimi, Azərbaycan dili sertifikasiya imtahan modelində də 6 dil səviyyəsi - A1, A2, B1, B2, C1, C2 müəyyənləşdirilib. Ödənişsiz sınaq imtahanında iştirak etmək istəyən hər kəs qeyd olunan səviyyələr üzrə 4 blokdan ibarət imtahan suallarını cavablandıraraq prosesi tamamlaya biləcəklər.

Paylaş: