Kəskin soyuq və yağıntılı hava şəraitində təhlükəsizliyimiz üçün bir sıra mühüm davranış qaydaları (video)
Qış mövsümü özü ilə təbiətin gözəllikləri və bərəkət gətirməklə yanaşı, yol verə biləcəyimiz hər hansı ehtiyatsızlıq səbəbindən xəsarət alma riskləri də artır. Odur ki, soyuq və yağıntılı hava şəraitində təhülkəsizliyimizi təmin etmək üçün bir sıra davranış qaydalarına əməl etmək tələb olunur.
Belə ki, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.
Belə hava şəraitində yaranan ən böyük təhlükələrdən biri qar uçqunlarıdır. Qar uçqunu (marxal, çığ) dağların dik yamacları boyu aşağıya doğru sürətlə sürüşən qar kütləsidir. Qar uçqunu təhlükəsiz olan yerlərdə pis hava şəraitində dağlara çıxmaq həyatımız üçün təhlükəli ola bilər. Dağda olarkən havanın dəyişməsinə diqqət yetirin, uçqun ehtimalı olan sahələrdən, dik yamaclardan kənar gəzin. Qar uçqununun başladığını görürsünüzsə, bu, xeyli yüksəklikdə başlayıbsa, dərhal qaçaraq onun yolu üstündən kənara çıxmağa çalışın, yaxınlıqdakı qayanın çıxıntısı altında gizlənin. Uçqundan qaçıb qurtarmaq mümkün deyilsə, çanta və bu kimi digər əşyaları kənara atın, çömələrək dizlərinizi qarnınıza sıxıb bədəninizi axının hərəkət istiqamətinə yönəldin. Uçqun sizi yaxalayarsa, nəfəs yollarını qardan qorumaq üçün ağız və burnunuzu şərf, əlcək, yaxud paltarın yaxalığı ilə örtün və qollarınızla suda üzən kimi hərəkət edərək uçqunun səthinə və ya kənarına çıxmağa çalışın. Axın dayandıqda qar altında rahat nəfəs almaq üçün qollarınızla döş qəfəsi və üz ətrafında boşluq yaratmağa çalışın. Uçqunun səthinə tərəf hərəkət etməyə çalışın (səthin harada olduğunu ağızdan axan selikin istiqamətinə görə təyin etmək olar). Qar altından öz gücünüz hesabına çıxa bilmirsinizsə, qışqırmaq və sair hərəkətlər etməyin. Bu, sizin qüvvənizi, ətrafınızdakı oksigeni və istiliyi azaldır. Soyuqqanlılığınızı itirmədən xilasediciləri gözləyin, yuxuya getməyin.
Kəskin soyuqlu hava şəraitlərində bizdən təhlükəli olmağı tələb edən başqa bir təbiət hadisəsi çovğun, yaxud borandır. Çovğun - temperaturun kəskin surətdə dəyişməsi və güclü soyuqlarla müşayiət olunan qarın külək vasitəsilə ətrafa sovrulmasıdır. Çovğun barədə xəbər verilibsə, qapı və pəncərələri kip bağlayın, evdə 2-3 günlük ərzaq, su, vacib dərman ehtiyatı və müstəqil işıq mənbəyi (fənər, şam, neft lampası) yaradın, yanacaq tədarük edin və zərurət olmadıqca çölə çıxmayın. Eyvan və digər açıq yerlərdən külək apara biləcək əşyaları təhlükəsiz yerə yığın və qarı təmizləmək üçün lazımi alətləri əl altında saxlayın.
Çovğun zamanı, yalnız vacib hallarda evi tərk edin və hara getdiyiniz və nə vaxt qayıdacağınız barədə ailə üzvlərinə xəbər verin. Belə bir hava şəraitində avtomobil idarə edirsinizsə, onu yalnız əsas yol və şose ilə sürün və maşından çıxmaq zərurəti yarandıqda maşından görünüş dairəsindən uzaq məsafəyə aralanmayın. Yardıma ehtiyac yarandıqda avtomobildə gözləyin: bu zaman mühərriki söndürməmək də olar, lakin dəm qazı təhlükəsi ilə əlaqədar pəncərəni bir qədər açıq saxlayın. Çovğunlu hava şəraitində yolunuzu azmısınızsa, rast gəldiyiniz ilk evə girib, harada olduğunuzu öyrənin, mümkünsə, çovğun səngiyənədək orada gözləyin. Belə imkanınız yoxdursa və çöldə hərəkət etməyə taqətinizin qalmadığını hiss edirsinizsə, hər hansı daldalanacağa sığının, yuxuya getməyin. Çovğundan sonra qar qalıqları altında qalan tikilidə ətraf mühitdən təcrid olmusunuzsa, buradan çıxmağa çalışın. Buna imkanınız yoxdursa, zəng edib müvafiq orqanlara məlumat verin.
Yağıntılı və soyuq hava şəraitində yaranan təhlükəli vəziyyətlərdən biri də yolların buz bağlamasıdır. Bu, torpağın üstündə, yollarda, səkilərdə ərimiş qarın, yağmış yağış sularının, şehin donması ilə əmələ gələn buz qatıdır. Yolların buz bağlaması, adətən, şaxtalı havada müşahidə edilir. Donmuş buz qatının qalınlığı bir neçə santimetrə çata bilər. Hava ilə bağlı məlumatlarda proqnozlarda yolların buz bağlayacağı proqnozlaşdırılırsa, ayaqqabını sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün. Buz bağılamış yollarda ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur. Sürüşsəniz zərbənin gücünü azaltmaq üçün oturun. Yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun.
Soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın və ya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.
Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi
Əhalinin maarifləndirilməsi işinin təşkili şöbəsi
FHN yolların buz bağlaması ilə əlaqədar...
Kəskin soyuq və yağıntılı hava...
İctimai iaşə müəssisələrində yanğın...
Yataqxanalarda yanğın təhlükəsizliyi...
Təhsil müəssisələrində yanğın...